Ölkə futbolu

“Yalnız istəklə heç nə əldə etmək mümkün deyil” – millinin baş məşqçisi

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Serbiya yığmasına qarşı keçirdikləri ikinci yoxlama oyunundan (5:7) sonra federasiyanın rəsmi saytına müsahibə verib.

– Oyunla bağlı fikrinizi bilmək istərdik…

– Fərqli iki hissə oynadıq. Birinci hissəni faciəvi hesab etmək olar. Çünki intizamsız çıxış etdik, oyuna köklənə bilmədik, çoxlu səhvlər etdik. Rəqib də bundan düzgün istifadə etdi və qollar vurdu. Təbii ki, 3 oyunçumuzun zədə üzündən bizə kömək edə bilməməsi də təsirini göstərdi. Uşaqlarda fiziki baxımdan sanki yorğunluq vardı. İstəkli idik, amma konsentrasiya ola bilmirdik. Yalnız istəklə heç nə əldə etmək mümkün deyil. Sakit olmaq, düşünərək oynamaq vacibdi. Fasilədə oyunçularımı toparlamağa çalışdım, səhvlərini dedim. İkinci hissədə yaxşı oynadıq. Bu hissəni bir başqa oyun adlandırardım. Səhvlərimiz azaldı, oyuna nəzarəti ələ aldıq, düzgün ötürmələr etdik. Hərçənd məğlubiyyətdən qaça bilməsək də, fasilədən sonra biz daha çox qol vurduq. Rəqib isə ilk matçdakı məğlubiyyətdən sonra bu oyuna 200 faiz motivasiya olmuşdu.

– İkinci hissəni demək olar, qapıçını meydan oyunçusu ilə əvəzləməklə keçirdiniz. Bu, riskli deyildimi?

– Bu taktikanı meydanda tətbiq etmək vacib idi. Çünki məşqlərdə bunun üzərində çox çalışırıq. Həm də qapıçını oyunçu ilə əvəzləmək ənənəvi taktikamdı. Bütün oyunçuları yoxladıq. Müdafiədə, hücumda necə oynamalı olduğumuzu göstərdik. Məncə, alındı.

– Təxminən 10 günlük toplanış ərzində 4 beynəlxalq oyun keçirdi milli. Razı qaldınızmı?

– Bu toplanış faydalı oldu. Xeyli vaxtdı komanda bir yerə toplanmırdı, oyunlar keçirmirdik. Heyət üzvləri fərqli çempionatlarda çıxış etdiyindən, bu cür qarşılaşmalar irəli getməyimiz baxımından vacibdi. Ancaq bununla kifayətlənmək də mümkün deyil. Rəsmi görüşlərə qədər yenə toplanışlar keçirməli, oyunlarda gücümüzü sınamalıyıq.

– Komanda hansı oyunda istədiklərinizi verdi?

– Əlbəttə, Serbiya ilə ilk oyundan razı qaldım. Düzgün oynadıq, oyun intizamından qopmadıq. Serbiya da güclü rəqibdi. Çox intizamlı oynayırlar, fiziki-taktiki baxımdan da güclüdürlər, təcrübəlidirlər, əla kollektivləri var. İlk oyuna biz daha yaxşı konsentrasiya olmuşduq. Qələbə qazandığımıza görə demirəm. Oyun elementləri məni qane etdi, ona görə həmin qarşılaşmanı qeyd edirəm.

– Latviya ilə oyunlarda komanda heç də yaxşı təsir bağışlamadı. Soyuq başla həmin matçları analiz etmisinizmi?

– Oyuna konsentrasiyadan çox şey asılıdı. Elə qarşılaşmalar var ki, konsentrasiya olmaq rəqibdən asılıdı. Oyunçu artıq Serbiyanın Latviya olmadığını bilir. Və ya sabah İspaniya ilə qarşılaşsaq, artıq rəqibin adı komandanı oyuna kökləyəcək. Heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz. Kiminlə oynamağından asılı olmayaraq, 3 xal qazanmaq üçün qələbə qazanmalısan. Bunu etməsən, büdrəyəcəksən. Həm də Latviya ilə oyunlara yorğun çıxmışdıq. Kardoso oyun günü komandaya qoşulmuşdu, bir neçə futzalçı Bakıdakı iki günlük hazırlıq prosesində iştirak etməmişdi.

– Bir neçə futzalçı var ki fərqli çempionatlarda oynayırlar. Onların hazırlıq durumu necə, sizi qane etdimi?

– Fineo təxminən 2 həftədi ki, məşq etmirdi. Çünki İndoneziya çempionatı başa çatıb və o, Braziliyaya dönüb. Thaqo isə yaxşı formadadı, amma onun problemi başqadı. O, klubunda meydanda 2-3 dəqiqə oynayır, sonra istirahət edir, yenidən oyuna qoşulur. Bu oyunlarda Thaqonu 5-6 dəqiqə dəyişmədən meydanda saxlayanda fəsadını hiss edirsən. Conatandan razı qaldım. Hərçənd Qazaxıstanda da çempionat başa çatıb, amma özünü yaxşı tərəfdən göstərdi. Kardosonun yüngül zədəsi var. O da klubunda son bir həftədə oyun keçirmirdi. Təbii ki, bunları düzəltmək mümkündü. Toplanışlar, yoldaşlıq oyunları bunun üçün lazımdı.

Oxşar xəbərlər

“İnter” daha bir futbolçusu ilə bağlı qərarını verdi

admin

Tahir Gözəl: ” Rəqiblərimiz bizdən qat-qat yüksək büdcəyə sahibdirlər”

admin

“Qarabağ” da hər ikisi qayıda da bilər, qayıtmaya da

admin