Ölkə futbolu

“Yanlarında balaca uşaqlara bənzəyirik” – Millimizin baş məşqçisi

“Cənubi Kipr yığması ilk mərhələdən vəsiqə qazansa da, güclü və təşkilatlanmış komandadı. Hiss olunur ki, çox çalışıblar. Boy-buxunlarına, fiziki göstəricilərinə görə də çox seçilirdilər. Meydanda nə etdiklərini bilirdilər. Bizim uşaqlar da mübarizə apardılar. Ancaq onlar güc baxımından o qədər fərqlənirdilər ki, hətta gövdələri ilə toxunmaqla bizim oyunçunu mübarizədən kənarlaşdırırdılar”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov deyib.

Avropa çempionatının əsas mərhələsində ilk oyununda “Cənubi Kiprlə qarşılaşan U-19 böyükhesablı məğlubiyyətlə üzləşib – 1:7.

Əzimov Hollandiya ilə bu gün keçiriləcək görüşə də münasibət bildirib: “Hollandiyanın Sloveniya ilə oyununu izlədim. Meydan sahibi komandanı məğlub ediblər. Yaxşı “stolba”ları, müdafiəçiləri var. Düzdü, onlar Kipr qədər sürətli oynamırlar. Daha çox fərdi oyuna üstünlük verirlər. “Stolba”ları topla yaxşı oynayır, epizodlar yaradır. Yəni fərqli oyun üslubuna malik komandadılar. Sürətli oynamırlar. Məncə, biz bu gün daha yaxşı çıxış edəcəyik. Dünən oyunumuz alınmadı. Uşaqlar can yandırdılar, güclərini sərf etdilər, amma oyunumuz sanki getmədi. Topla biz daha yaxşı idik. Fərqimiz onda idi ki, biz epizodları boşa verirdik, onlar realizə edirdilər. Qolların da çoxunu öz səhvlərimizdən buraxdıq. Ya oyunçunu boş buraxırdıq sonra çata bilmirdik, ya da təkətək mübarizələri uduzurduq. Yenə deyirəm, bərabər epizodlarda çox güclüdülər, düzgün və vaxtında boş mövqelərə açılırdılar, yorulmurdular, gücləri çoxdu”.

Baş məşqçi “Cənubi Kiprlə görüşdəki mübarizədən narazılığı qaldığını da dilə gətirib: “İnandığım, güvəndiyim oyunçular özlərinə bənzəmədilər. Bilmirəm həyəcanlı idilər, ya rəqibdən qorxdular. Təsəvvür edin, zədəli olduğuna görə kənarda oturan futzalçım axsaya-axsaya yaxşı oyun gözlədiklərimdən üstün çıxış etdi. Burda bizdən başqa 3 komanda var. Kənardan baxanda fiziki göstəricilərinə görə bizdən çox üstün görünürlər. Sanki, onların yanında balaca uşaqlara bənzəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43