Müsahibə

“Yaqelloniya”nın hücumçusu: “Hansısa təzyiq olduğunu deyə bilmərəm”

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”nin qonağı olan “Yagelloniya”nın 1:1 hesablı heç-heçə etməsində hücumçusu Silian Şeridanın əməyi danılmazdı.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra hücumçu jurnalistlərin suallarını cavablandırıb.

– Oyunla bağlı fikirinizi bilmək maraqlı olardı…

– Rəqibimizə hörmətlə yanaşırıq və yaxşı komanda olduğunu bildirməliyik. Xüsusilə də ikinci hissədə hesabı bərabərləşdirdilər, əlavə qol vurmaq üçün imkanlar yaratdılar. Biz isə həmin vaxt əks-hücumlarda təhlükəli olurduq. Həm biz, həm də “Qəbələ” yaradılan imkanlardan istifadə edə bilmədi. Amma maraqlı oyun izlədiniz.

– Stadiondakı atmosfer sizdə hansı təəssürat yaratdı?

– Xoş sözlər deyə bilərəm. Gözəl atmosfer yaranmışdı. Ancaq həm özüm, həm də komanda yoldaşlarım üçün hansısa təzyiq olduğunu deyə bilmərəm.

– “Yaqelloniya” hansı komponentlərdə “Qəbələ”ni üstələyirdi?

– Xüsusilə də əks-hücumlarda yaxşı oynayırdıq. Vacib olan nəticə idi. Növbəti həftədə keçiriləcək oyun üçün balans yaratmışıq.

– Cavab oyununda hansı komandanı şanslı sayırsınız?

– Baş məşqçimiz şansların 50-nin 50-yə olduğunu dedi. İndiki məqamda hansısa komandanı üstün saymaq olmaz. Ancaq ikinci hissədə fərqli “Qəbələ” gördük. Çox təhlükəli, ardıcıl hücumlar qururdu. Təbii ki, gələn həftə keçiriləcək oyun zamanı bunları nəzərə almalıyıq. Asan duel olmayacaq.

– Yorulmusunuz?

– Əlbəttə. Belə oyundan sonra yorulmamaq mümkün deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43