Müsahibə

Yaşar Vahabzadə: “Millimiz bundan daha böyük uğurlar əldə edəcək”

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində final görüşü keçirilib.

İdmanxeber.com-un məlumatına görə, finalda Omanı 2:1 hesabı ilə məğlub edən milli komandamız İslamiadanın qızıl medalına yiyələnib.

Matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərin suallarını cavablandırıb:
"İlk hissədə 2 qol vurduqdan sonra futbolçularda arxayınlıq yarandı. Amma özlərini toparlamağı bacardı. Komanda bilirdi ki, qalib gəlmək lazımdır. Sağ olsunlar, qalib gəlib, qızıl medalı qazandılar".
– Rəqib fərqi azaltdıqdan sonra qorxmadınız ki?
– Bir az həyəcan var idi, amma futbolçular nə etdiyini bilirdilər. Əsas odur ki, qalib gəldik.
– Bu qızıl medalları Azərbaycan millisinin ən böyük uğuru adlandırmaq olarmı?
– Düşünürəm ki, millimiz bundan daha böyük uğurlar əldə edəcək.
– Futbolçular bəzən deyinirlər, sərt olurlar. Komandada nizam-intizam nə yerdədir?
– Bəzən tapşırıqları yerinə yetirməyəndə istər-istəməz əsəbi olurlar. Ümumilikdə nizam-intizam qaydasındadır.
– Yarışın səviyyəsi sizi qane etdimi?
– Əlbəttə! Çox gözəl təşkil edilmişdi.
– Bu turnirdə komandamızın ən yaxşı oyunçusu kimi hesab edirsiniz?
– Futbol kollektiv oyundur. Burada kimisə çox fərqləndirmək düzgün olmaz. Komandada istək var idi, əzmkarlıq nümayiş etdirirdilər. Kimisə fərqləndirmək istəmirəm.
– Komandada nədən narazısız?
– Futbolçular öz aralarında əlaqəni düzgün qura bilmirdilər. Bir çox futbolçumuz komandaya gec qoşuldu. Bu səbəbdən bir az problem oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43