26 Avqust 2019
Milli komanda

“Yaxşı oyun gözlədiyim uşaqlar ümidləri doğrultmadılar” – millimizin baş məşqçisi

“Final mərhələsinə Hollandiya vəsiqə qazansa da, Sloveniyanı qrupumuzun ən güclü komandası hesab edirəm. Anlaya bilmirəm ki, Hollandiyaya necə uduzdular. Hiss olunur ki, bu komandanın üzvləri məktəb keçiblər, uzun müddətdir bir yerdə oynayırlar”.

Futbol11.az xəbər verir ki, bu sözləri 19 yaşadək futzalçılardan ibarət millimizin baş məşqçisi Ağatahir Əzimov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib. Avropa çempionatının əsas mərhələsinin son oyununda Slovenyaya 1:9 hesablı məğlubiyyəti şərh edən mütəxəssis turnirdəki zəif çıxışın səbəblərini açıqlayıb: “Oyuna gəldikdə, fikrimdə qalıram, yaxşı oyun gözlədiyim uşaqlar ümidləri doğrultmadılar. Bəziləri rəqibdən çəkindilər, bəziləri isə mübarizə aparmağa çalışdılar. Biz yalnız fiziki göstəricilərə görə deyil, digər komponentlərdə də onlardan geri qalırdıq. Ustalığımız çatmırdı. Təkbətək epizodlarımız oldu, amma istifadə edə bilmədik. 4-5 qolu isə uzaq məsafədən vurulan zərbələrdən sonra buraxdıq”.

Əzimov komandasının turnirdəki zəif çıxışını da dəyərləndirib: “Bir oyunda qapıçımız yaxşı dayanır, komandaya kömək edir, əvəzində oyunçularımız zəif çıxış edir. Digər qarşılaşmada isə əksinə olur. Komanda şəklində hələ formalaşmamışıq. İrad bildirəndə oyunçu deyir ki, məni keçmədilər ki, filankəsin oyunçusu idi. Belə düşünmək olmaz. Biz meydanda bir-birimizi sığortalamalıyıq. Bu Hollandiya ilə 2 il əvvəl U-17 səviyyəsində qarşılaşmışdıq. Müqayisə apardıqda nə qədər inkişaf etdiklərini görürük. Biz də gərək çox işləyək, fasilə verməyək. Bu işə başlamışıqsa, davam etməliyik. Bir məqama da toxunum. Bizim heyətin 9 üzvü 2001-ci, rəqibin futzalçıları isə 2000-ci il təvəllüdlüdürlər. Bir yaş fərqi çox şey deməkdir. Bizim hazırkı heyətin 9 üzvündən növbəti seçmə mərhələnin oyunlarında da istifadə etmək olar”.

Qeyd edək ki, millimiz Kiprə 1:7, Hollandiyaya 1:6 hesabı ilə uduzmuşdu.

Oxşar xəbərlər

Milli komandamızın oynayacağı stadionun ot örtüyü korlanıb – FOTO

admin

AFFA-nın baş katibi: “Millinin futbolçularına mükafat veriləcək”

admin

Nazim Süleymanov: “Bizə kömək lazım deyil”

admin