Ölkə futbolu

Yığmamız qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində “Zirə”nin U-19 komandası ilə qarşılaşıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən bilirir ki, Qarşılaşma 4:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Musa Qurbanlının dubl etdiyi oyunda digər qolları Nemət Şıxəmirov və Samir Abdullayev vurub.
Oyunla bağlı U-17-nin baş məşqçisi Ramin Quliyev affa.az-a fikirlərini bildirib: “Komanda Qazaxstanda keçiriləcək “Prezident kuboku”na hazırlıq məqsədi ilə təlim-məşq toplanışına yığılıb. Bildiyiniz kimi, ölkə çempionatı hələ başlamayıb, amma klublarımız aralarında yoldaşlıq oyunları keçirir. Oyunları izləyirik, çalışırıq bütün oyunçuları nəzərimizdə saxlayaq. Komandada gücləndirilməsi lazım olan mövqelərə bir neçə yeni futbolçu dəvət etmişik. Bu oyun həm yeni oyunçuları sınamaq, həm də bəzi taktiki gedişlərimizi həyata keçirmək üçün yaxşı fürsət idi. Hazırda bizi hesabdan çox oyun keyfiyyətinin artırılması və uşaqların düzgün oynaması maraqlandırır. Uşaqlar yaxşı oynadılar, bir çox istədiyimizi meydançada həyata keçirdilər. Lakin nəticə bizi aldatmamalıdır. Səhvlər üzərində işləməli və daha da keyfiyyətli oyun sərgiləməyə çalışmalıyıq”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43