31 Yanvar 2023
Müsahibə

“Yoruluruq, bezirik, nə qədər uduzmaq olar?” – Rahid Əmirquliyev

“Səbail”də ən çox oyun keçirən, komandanın kapitanı Rahid Əmirquliyevin İdmanxeber.az saytına müsahibəsi.

– “Qəbələ” ilə oyunda hesabı siz açsanız da, məğlub oldunuz. Uzun müddətdir səfərdə qalib gələ bilmirsiniz. Səncə, komandada nədir düz getməyən?

– Səbəbləri dəqiq deyə bilmirim. Bir neçə ehtimal ola bilər. Məsələn, komandanın sıfırdan yığılması bunlardan biridir. Oyunçular təzədir. Ola bilər ki, kimlərsə hələ tam adaptasiya ola bilməyib. Yeni  legionerlədən çox şey gözlənilir. Gözləniləni də ala bilmirik. Bunlar hamısı səbəb olsa da, bəhanə etmək istəmirəm. Biz də qalib gəlmək istəyirik, görünür əlimizdən gələnin artığını etməliyik bunun üçün. Sonuncu görüşə də pis başlamamışdıq. Təəssüf ki, alınmadı.

– Cari mövsüm cəmi iki qələbəniz var. Bununla yanaşı, kubokda da mübarizə aparırsınız. Ard-arda gələn məğlubiyyətlər sizi yormur? Sanki məğlubiyyətlər artdıqca komanda psixoloji olaraq da geriyə gedir…

– Əlbəttə, biz də yoruluruq, bezirik məğlub olmaqdan. Nə qədər uduzmaq olar? Komanda qələbə qazananda əhval-ruhiyyə də düzəlir, işlər də qaydasında gedir. Bəlkə də bir qələbə qazansaq, ardı gələcək. Bunu bacarmaq üçün də yetərincə gücümüz var. Kubok matçında MOİK-i səfərdə məğlub etmişdik. Düzdür, birinci divizion təmsilçisi idi.

– Busəfərki rəqib divizion komandası deyil, “Sabah”dır. Daha sonra isə çempionatda “Sumqayıt”la görüşəcəksiniz. Yaxşı nəticələr qazanmağa ümid var?

– Sözsüz ki, indiki rəqib güclüdür. Çempionluğa oynayır. Çox çətin olacaq bizim üçün. Ancaq kubokla çempionat görüşü fərqlidir. Üstəlik iki oyun olacaq. İlk görüşü evdə oynayacağıq. Kubokda sürpriz nəticələr çox olur. Yaxşı nəticə qazanacağımıza inanırıq. “Sabah” sonuncu turda “Şamaxı”nı məğlub edə bilmədi. Bu onu göstərir ki, onlarla da oynamaq olar. Kubokda mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. “Sumqayıt” oynuna gəlincə, onlar da ötən tur ilk qələbələrini qazanaraq, bizə yaxınlaşdılar. Səfərdə oynasaq da, qalib gəlmək üçün hər şeyi etməliyik. Çünki xal fərqini artırmalıyıq.

– Ümumiyyətlə, rəhbərlik hazırkı durumda sizdən nə tələb edir? Nəsə bir şərt qoyulur önünüzə?

– Mövsümün əvvəlində bizə hər hansı bir hədəf qoyulmamışdı. Yəni desəm ki, avrokuboklara oynayırıq, yalan olar. Təbii ki, Avroliqada çıxış etmək bizim də arzumuzdur. Biz hazırda mümkün qədər yuxarı pillələrə qalxmağa oynayırıq. Rəhbərliyin də tələbi budur. Heç kim sonuncu pillələrdə olnağı istəməz. Hazırda ən birinci tələb budur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Zaur Svanadze: “Bu gün bəxt “Neftçi”nin tərəfində idi”

admin

Qara Qarayev: “Bu matç mənim üçün ən vacib qarşılaşmalardan biridi” – MÜSAHİBƏ

admin

Draqan Çeran: “…razı deyiləm” – MÜSAHİBƏ

admin