16 Sentyabr 2019
Müsahibə

Yunis Hüseynov: “15 il “Neftçi”də oynasam da, ilk dəfədi təbrik edirlər”

Bu gün “Neftçi”nin veteran futbolçusu Yunis Hüseynovun 54 yaşı tamam olur.

İdmanxeber.az-ın məlumatına görə, 1965-ci ildə dünyaya gəlmiş yarımmüdafiəçi 1984-1998-ci illər ərzində “Neftçi”nin heyətində 336 oyun keçirib, 101 qol vurub.

“Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1995, 1996) və Superkubokun (1993, 1994) qalibi olmuş Yunis Hüseynov 1994-cü ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, 1993-1998-ci illər ərzində Azərbaycan millisinin heyətində 34 oyun keçirib, 4 qol vurub.

Hüseynov “Neftçi”nin rəsmi saytına müsahibəsində maraqlı fikirlər səsləndirib.

– Doğum gününüz mübarək, Yunis müəllim!

– Diqqətinizə görə çox sağ olun! Ümumiyyətlə, 9-u kapitan olmaqla 15 il “Neftçi”nin şərəfini qorusam da, o vaxtdan indiyədək ilk dəfədi ki, məni bu klubdan zəng vurub, təbrik edirlər.

– Karyeranız ərzində doğum gününüzdə oyuna çıxmısızmı?

– Yadıma gəlmir. Səhv etmirəmsə, çıxmamışam.

– İndiyədək sizə verilən ən gözlənilməz hədiyyə hansı olub?

– 50 illik yubileyimdə dostlarımdan aldığım hədiyyə mənim üçün gözlənilməz olub. Suvenir xəncər bağışlamışdılar. Suvenir olsa da, o xəncərlə adam da öldürmək olar… (gülür)

– “Neftçi”də keçirdiyiniz ən unudulmaz oyun və vurduğunuz qol hansı olub?

– Açığı, xüsusi bir oyun və ya qol yadıma gəlmir. Ümumiyyətlə, xatırlamaq üçün, demək olar, şəkillərim yoxdu. Məsələn, O vaxt SSRİ Olimpiya yığmasında oynasam da, həmin formada şəklim olmayıb. Başqaları o formanı götürüb şəkil çəkdirirdi, mən isə həmin formanı geyinə-geyinə şəkil çəkdirməmişəm. Çünki şəkil çəkdirməklə aram yoxdu. Çox az sayda şəklim var. Amma gərək belə eləməzdim. Şəkil çəkdirmək və onları saxlamaq lazım idi. İndi yaşa dolduqca düşünürəm ki, olsaydı baxardım. O vaxt SSRİ Olimpiya yığmasının heyətində çıxış edəndə hədiyyə olaraq mənə oyun vaxtı çəkilmiş 4-5 foto vermişdilər, amma o vaxt jurnalistlər istədilər verdim, sonra qaytarmadılar.

– Doğum gününüzü necə qeyd edəcəksiz?

– Açığı, mən heç vaxt ad günü keçirməmişəm. Ümumiyyətlə, doğum günlərimə xüsusi önəm verməmişəm. Bu gün də doğum günümü qeyd etməyəcəm. Bu günü adi bir gün kimi keçirəcəm.

Oxşar xəbərlər

“Qucaqlaya-qucaqlaya məni bezdirmişdi” – MÜSAHİBƏ

admin

Rəşad Sadiqov: “Biz daha yaxşı oynadıq”

admin

Mais Mənsimov: “Problemləri görmək məsələnin bir tərəfidir” – MÜSAHİBƏ

admin