Müsahibə

Yuri Syomin: “Məgər mövsümə 20 qol vurur?” – MÜSAHİBƏ

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib.

Təcrübəli mütəxəssis Azərbaycana gələn həmkarlarımızla geniş söhbətində klubdan, yığmadan və öz fəaliyyətindən danışıb.

– Siz nadir rusiyalı mütəxəssislərdən birisiniz ki, ölkə xaricində çox işləmisiniz. Xaricdə çalışmağın spesifikası nədədir?

– İlk növbədə yanına getdiyin insanların mentalitetini xatırlamalısan, həmin ölkənin həyat tərzini bilməlisən. Başqasının kilsəsinə öz qaydalarınla soxula bilməzsən. Məşqçi özlüyündə qalmalı, lakin yerli nüansları da nəzərə almalıdı.

– İndi rəhbərlik etdiyiniz “Qəbələ” klubunda islam dininin nümayəndəsi olan xeyli sayda futbolçu var. Dediyiniz nüans elə budu?

– Özüdü ki, var. Sizə bir nümunə göstərim: Müqəddəs Ramazan ayında oruc tutan müsəlmanlar axşam saat 9-dan sonra qidalanırlar. Bu üzdən də əksər hallarda məşqə saat 19:30-da çıxırdıq. Ümumiyyətlə, bu çox çətin andı. Avropalılarda belə statistika var: oruc tutan futbolçular zədəyə meylli olurlar. Özü də ağır zədələrə, qırıqlara, dartınmalara və s.

– Əvəzində təminatınız var ki, futbolçular içib sərxoş olmayacaqlar?

– Prinsipcə, indiki zamanda belə problem görmürəm. Bəlkə də əvvəllər belə hallar olub. Lakin son illərdə futbolçuların aşkar sərxoşluğu ilə üzləşməmişəm.

– “Qəbələ”yə necə düşdünüz?

– Kiyev “Dinamo”sundan sonra uzunmüddətli məzuniyyət götürdüm. Əvvəl çox xoşuma gəlirdi: istədiyin vaxt yuxudan durursan, heç nə etmirsən. Çox səyahət etdim. Dostlarımla elə oyunlarda oldum ki, işim üzündən heç vaxt onlara baxmazdım. Məsələn, “Real” – “Barselona” matçı. Lakin getdikcə istirahətdən bezdim. Bəlkə də adrenalin çatmırdı. Sevimli işim üçün darıxmışdım. Elə həmin günlərdə “Qəbələ”nin prezidenti Tale Heydərov mənə zəng vurdu. Çox gözəl şərtlər vəd etdi. Oğlumun köməkçim olmasına razılıq verdi. Qətər və ərəb klublarından variantlarım olsa da, razılaşdım. Keçmiş SSRİ respublikalarında çalışmaq həmişə məni cəlb edib.

– Müqavilədə mövsüm üçün hansı vəzifə nəzərdə tutulub?

– Hədəf avrokuboklara düşməkdi. Bunun üçün 3-cü yerdən aşağı olmamaq lazımdı. Qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəm.

– “Qəbələ”dən təklif alandan sonra klubun tarixini öyrəndiyinizə şübhə etmirik. Bu zaman bildiniz ki, vaxtilə komandanı tanınmış ingiltərəli Toni Adams da çalışdırıb. Futbolda ad-sanı olan britaniyalı “Qəbələ” ilə Azərbaycanda 6-cı yeri tutub. Perspektivsiz işə razılaşdığınız üçün qorxmadınız ki?

– Xeyr. Məsələ ondadı ki, komandada ciddi dəyişikliklər lazım idi. Mən də bunu etdim. Mənimlə 9 yeni futbolçu gəldi ki, onlardan 7-si start heyətində meydana çıxır. Bundan başqa, artıq “Qəbələ”nin oyun problemlərinin nədən ibarət olduğunu başa düşə bilmişəm. Bunları həll edib, sonra mükafatlar uğrunda mübarizə aparacağıq. Burada çempionat çox ciddidi. Lider “Neftçi”dir (rusiyalı qonaqlar ölkəmizdə olduğu vaxt “Neftçi” liderliyə şərik idi). Lakin başqa güclü komandalar da var. Məsələn, “Qarabağ”. Azərbaycan liqası inkişaf edir. Bura gəlmək üçün məşqçilər növbəyə dayanacaq.

– Bəs Rusiya çempionatı ilə müqayisə etsək…

– Müqayisə etmək mənasızdı. Fikrimcə, Rusiya çempionatı Avropada ən güclü 5 liqadan biridi. Azərbaycanda 4 komanda var ki, Rusiyada 10-11-ci yerlər uğrunda mübarizə apara bilər. Bunlar “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”dı. Onlara “Qəbələ”ni də əlavə edərdim.

– Bəs Tale Heydərov necə adamdı?

– Futbolu çox sevir, İngiltərə liqasını yaxşı bilir. Azərbaycan futbolunun Britaniya standartları ilə inkişaf etməsini istəyir. “Qəbələ” böyük olmayan şəhərdi. Lakin baxın, uşaqlar necə sevinirlər… Stadiona gedə, akademiyanın əla meydanlarında futbolla məşğul ola bilirlər. Səviyyəli futbolçu yetişdirmək asan deyil. Lakin şərait, yaxşı məşqçilər varsa bunu etmək mümkündü. Üstəlik, Azərbaycanda maraqlı limit var: meydanda mütləq 19 yaşlı futbolçu olmalıdı. “Qəbələ”nin iştirak ərizəsində akademiyanın yetirməsi olan 17 yaşlı oğlan var. Biz yavaş-yavaş onu əsas heyətə buraxırıq.

– “Qəbələ”yə getməyinizin əsas səbəbi nədi? Səbəb puldadı, yoxsa?

– Mənim üçün əsas odu ki, məşqçi işləməlidi. Məşqçi ekstremal vəziyyətlərdə qərar verməyə məcburdu. Əgər uzun müddət işsiz qalırsa, bu bacarığını itirə bilər. “Qəbələ”yə keçidimin geriyə addım olub-olmaması nəticələrdən asılıdı. Nəticə əsas ölçü vahididi. Mənim üçün geriyə addım işləməməkdi. Ən qorxulusu da budu. İşsiz istənilən insan tənəzzülə uğrayar.

– 15 min əhalisi olan şəhərdə böyük komanda yaratmaq mümkündü?

– Düşünürəm ki, hə. “Qəbələ”nin əla infrastrukturu var ki, bu da vacibdir. Tarixdə nümunələr var ki, balaca şəhərlərin komandası çempion olub.

– “Qəbələ”nin heyətini siz komplektləşdirdiniz?

– Bəli. Əlbəttə ki, Azərbaycan futbolunun nüfuzlu şəxsləri ilə məsləhətləşmələr apardım. Amma oyunçuların əksəriyyətini özüm götürdüm. Özü də onların çoxu “Qəbələ”yə pulsuz başa gəldi. Onlar müqaviləsi başa çatanlar idi.

– Rusiyalı futbolçuları dəvət etmək istəmədiz?

– İstəyim var idi. Lakin başa düşmək lazımdır ki, səviyyəli futbolçu Rusiyada daha çox qazanır. Bu üzdən rusiyalıları bura gətirmək çətindi.

– Sıçev?

– Düşünürəm ki, ona əvvəlki səviyyəsinə qayıtmaq çətin olacaq. Lakin hələ bir müddət elitada oynaya bilər. Məncə, indi Dima pis deyil. Əks təqdirdə, Kalitvintsev onu əsas heyətdə meydana buraxmazdı.

– “Qəbələ”nin Bussufa və Diarranı transfer etməyə gücü çata bilərdi?

– Deyin görüm, 29 yaşlı Bussufa üçün 15 milyon avro verməyin nə mənası var? Mən belə qiymətə yaşı 30-a yaxın olan oyunçunu heç vaxt götürməzdim. Məgər mövsümə 20 qol vurur?

– Lakin Bussufa və Diarranın alınması “Lokomotiv”ə kömək edəcək…

– Bu gün üçün hə. Onlar səviyyəli futbolçulardı. Belələrinin sayəsində “Lokomotiv” ötən mövsümlə müqayisədə yüksək yer tutacaq. Bəs sabah nə olacaq?

– “Qəbələ”nin bir neçə futbolçusu Azərbaycan yığmasında çıxış edir. DÇ-2014-ün seçmə mərhələsində Rusiya yığmasının son rəqibi olan komanda haqda nə deyə bilərsiz?

– Düşünürəm ki, qalan rəqiblərdən ən çətini Azərbaycandı. Özü də seçmə mərhələdə hər şey ola bilər. Kim fikirləşərdi ki, Kapellonun komandası Şimali İrlandiyada uduzacaq.

– Bəs niyə belə oldu?

– Siz ki, özünüz hər şeyi gördünüz. Futbolçular oyuna münasibətini dəyişməlidir. Daha qlobal danışsaq, yaxın gələcəkdə ciddi problemlə üzləşəcəyik. Rusiyada yüksək səviyyəli mərkəz müdafiəçiləri yetişmir. İqnaşeviç ilə Berezutski isə gəncləşmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Rəşad Sadiqov: “Futbolda səhv olmasa qol olmazdı” (MÜSAHİBƏ)

admin

Rahid Əmirquliyev: “Məndən asılı olsaydı, hamısını saxlayardım” – MÜSAHİBƏ

admin

Səlahət Ağayev: “Bir adam yoxdu ki, gedək, ona etirazımızı bildirək” (MÜSAHİBƏ)

admin