Ölkə futbolu

Yuxarıdan aşağı görünür?

“Qəbələ” ilk dövrənin finala bərabər oyununda meydandan darmadağınla ayrıldı. Elmar Baxşıyevin yetirmələri 90 dəqiqə heç nə ilə yadda qalmadı. Komanda sanki məcburən meydana çıxıb və hesabdan fərqli olaraq heç bir reaksiya göstərə bilmədi. Nəticədə hazırkı oyunla layiq olduğu yerə – sonuncu pilləyə gerilədi.

Heç kim özünü aldatmasın. “Kəpəz” məğlubiyyəti təsadüfü deyil. “Qəbələ” dünən oyun olaraq da ümid vermədi. Komanda müdafiədə mövqe səhvləri edir, mərkəzi tamamən rəqibə “hədiyyə” vermişdi. Hücuma planı isə ümumiyyətlə, yox səviyyəsində idi.

“Qırmızı-qaralar” üçün əsl təhlükə arxa xəttdədir. Urfan Abbasov, Murad Musayev və Rauf Hüseynlidən ibarət heyətdən nəsə gözləmək çətindir. Ötən mövsüm səviyyəli legionerlərlə müəyyən şeylər ört-basdır olurdusa, bu il hər şey üzə çıxıb. Rauf Hüseynli ümumiyyətlə, həvəskar səviyyəli performans sərgiləyir. Belə bir klubun sağ cinahında Rauf kimi aşağı səviyyəli oyunçu olmamalıdır. Əgər məcburiyyətdirsə, nəticə də təsadüf deyil.

Bir dəfə də yazmışdım, “Qəbələ” lidersizlikdən əziyyət çəkir. Yerli futbolçulardan heç biri oyunu üzərinə götürə biləcək bacarığa, cəsarətə sahib deyil. Hazırda heyətin ən yaxşılarından biri sayılan Emil Səfərov da artıq başqa şeylər düşünməyə başlayıb.

Komandasına kömək üçün oyuna girən millimizin üzvü cəmi 26 dəqiqəyə iki “sarı” alaraq “Qəbələ”nin sonunu hazırladı. Bu azmış kimi, görüşün baş hakimi İnqilab Məmmədova haqsız təpki göstərir, söyüş söyür, ədəpsizlik edir. Görünür, özü haqqında yazılmış bir-iki xoş söz və milliyə dəvət alması Səfərovu tamamən çaşdırıb. Hələ adının “Qarabağ”la hallanması isə indidən “Qəbələ” ilə olan bağlarını qoparıb. Oyunun ardından bu davranışı barədə danışmaqdan da imtina etdi. Heç kimi zorla yanımıza çəkib açıqlama alası deyilik. Amma Səfərov özündən də istedadlı oyunçular yetişdirmiş “Qəbələ” klubuna hörmət etməli, üzərindəki formanın haqqını verməlidir. Biz belə qeyri-peşəkar davranıb, heç nə etmədən ulduz futbolçu libasına bürünmüş çox oyunçular görmüşük. Hamısının karyerası böyük bir sıfırdan ibarət olub.

Meydanda aqressiyası, mübarizə ilə tanınan “Qəbələ”dən əsər-əlamət qalmayıb. Əvvəllər istəyi, arzunu oyunla göstərən komanda indi bunu hakimlə dalaşaraq nümayiş erdirir. Az qala hər autda belə meydana girməyə çalışan texniki heyət, işi-gücü hakimlə danışmaq olan oyunçu qrupu hazırkı tablonun səbəbkarıdır. Elmar Baxşıyevin işi getdikcə çətinləşir. Ötən dəfə uçurumun dibindəyik demişdi, indi artıq həmin mövqeyə presslənmiş durumdadırlar.

Əlbəttə, Baxşıyev tək günahkar deyil. Bu uğursuzluqda, biabırçı tabloda mətbuatda Elmar bəyə olan simpatiyanın ardında gizlənməyə çalışan rəhbərlik də var. “Qəbələ”də idarəedicilik də süquta uğrayıb. Baxşıyevi önə ataraq və ya mümkün daha çətin durumda onu göndərərək ortaya çıxmaq planı qurulmasın. Çünki hazırkı “Qəbələ”də ən az günah sahibi elə baş məşqçidir. Adam aşağı-yuxarı hər mövsüm çempionata yeni heyətlə başlayır. İşin maddi tərəfindən xəbərdarıq, ancaq “pulumuz yoxdur”la yaxa qırağa çəkilməməlidir. Yuxarıdan oturub aşağını izləməklə idarəediclik olmur. Hazırkı prossesin necə idarəediləcəyi klubdakı rəhbərlik səviyyəsini də ortaya qoyacaq. Gedişatın necə olacağını isə zaman göstərəcək. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43