Kateqoriyasız

Ziqi Badibanqa: “Düzünü deyəcəm, “Qarabağ” bizdən açıq-aşkar güclü idi”

“Qələbə münasibəti ilə “Qarabağ”ı təbrik edirəm. Daha üstün futbol oynayıb, layiqli qələbəni qazandılar”. İdmanxeber.az xəbər verir ki, bu sözləri “Şerif”in hücumçusu Ziqi Badibanqa Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Qarabağ”a məğlub olduqları matçdan sonra deyib.

Belçikalı futbolçu “Qarabağ”dan belə oyun gözlədiyini bildirib.  O, əsas məqsədlərinin ilk dəqiqələrdə qol buraxmamaq olduğunu desə də, bunu reallaşdıra bilmədikləri üçün təəssüf hissi keçirdiklərini açıqlayıb: “Açığı, təəccüblü heç nə görmədim. Rəqibin gücünə və oyun üslubunə bələd olduğumdan, ilk 20 dəqiqənin bizim üçün çətin olacağını bilirdim.  Qapımızdan top buraxmamaq haqqında düşünsək də, bacarmadıq Hesabın açılması “Qarabağ”ın futbolçularına əlavə ruh yüksəkliyi verdi. İkinci, ardınca üçüncü topu vurdular. Bundan sonra təzyiqi daha da artırdılar”.

25 yaşlı hücumçu “Qarabağ”ın “Şerif”dən açıq-aydın üstün olduğunu vurğulayıb: “Düzünü deyəcəm, “Qarabağ” bizdən güclü idi. Təbrik etməkdən başqa sözüm yoxdur.  Azarkeşlər isə, sadəcə, möhtəşəm idi. Meydan sahiblərinin qələbə qazanmasında onların payı var”.

Forvard “Qarabağ”dan təklif alsan, qəbul edərsənmi?” sualını belə cavablandırıb: “Qarabağ”da oynamaq? Hazırda “Şerif”lə müqaviləm var. Ona görə də başqa heç nə haqda fikir bildirə bilmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43