Ölkə futbolu

“Zirə” Antalyada ilk qələbəsini qazandı

“Zirə” Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “qartallar” Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) qarşılaşıb.

Baş məşqçi Ayxan Abbasov start heyətində Kamal Bayramov, Yovan Krneta, Sadiq Quliyev, Adil Nağıyev, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov, Sezar Meza Kolli və Elgün Nəbiyevi meydana buraxmışdı.

Qarşılaşmanın ilk qolu rəqibdən gəlib. İlk yarı Qırğızıstan təmsilçisinin üstünlüyü ilə başa çatıb. Fasilədən sonra isə “Zirə”nin heyətində dəyişiklik edilib və Anar Nəzirov, Təmkin Xəlilzadə, Viktor İqbekoyi, Yamin Ağakərimzadə, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov meydana daxil olub. Yalnız Sadiq, Yovan, Adil və Vüqar oyunu əvəzolunmadan keçirib.

“Qartallar” ikinci hissədə istəyinə nail olub. Əvvəlcə Milan Duriç cərimə zərbəsi ilə baxımlı qola imza atıb. 75-ci dəqiqədə isə Vüqar Mustafayev fərqlənib – 2-1.

Xatırladaq ki, komanda yanvarın 22-də Bolqarıstanın “Lokomotiv” (Qorna) klubu ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43