İdman

“Zirə” “Lokomotiv”ə məğlub oldu

“Zirə” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə paytaxt təmsilçisi Bolqarıstan klubu “Lokomotiv”lə üz-üzə gəlib. Baş məşqçi Ayxan Abbasov start heyətində Anar Nəzirov, Migel Lorenzo, Sadiq Quliyev, Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Akim Latifu, Vüqar Mustafayev, Milan Duriç, Sezar Meza Kolli, Elvin Məmmədov və Elgün Nəbiyevə şans verib. Yovan Krneta isə zədəli olduğu üçün kənarda qalıb.

Qarşılaşmanın ilk dəqiqələrindən etibarən “qartallar” rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsa da, fasiləyə qədər hesab açılmayıb.

İkinci hissədə edilən dəyişikliklər nəticəsində Kamal Bayramov, Adil Nağıyev, Tural Cəlilov, Aleksandr Şemonayev, Yamin Ağakərimzadə, Murad Səttarlı, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov meydana daxil olub. Yalnız Viktor İqbekoyi və Sadiq Quliyev qarşılaşmanı əvəzolunmadan keçirib.

70-ci dəqiqədə Şemonayevlə rəqib futbolçu arasında yaranan mübahisə hər iki futbolçunun qırmızı vərəqə alması ilə nəticələnib.

Son dəqiqələrdə isə Bolqarıstan təmsilçisi cərimə zərbəsi ilə hesabı açıb. Bu qol matçda yeganə olub və “Zirə” yoxlama oyununda məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, “Zirə” ilk hazırlıq oyununda Qırğızıstanın “Dordoy” klubuna qalib gəlib – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43