Kateqoriyasız

“Zirə”nin Antalyadakı bir sınaqçı rəqibi bəlli oldu

Qış fasiləsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək “Zirə”nin yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, Antalyanın Side bölgəsində yerləşən “The Sense Deluxe” otelində məskunlaşacaq “qartallar” yanvarın 22-də baş tutacaq qarşılaşmada Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək. Oyun saat 15-00-da başlayacaq. 

Qeyd edək ki, Rumıniya çempionatının güclülər dəstəsində çıxış edən “Tırqu-Mureş” hazırda turnir cədvəlində 5-ci sırada qərarlaşıb və liderdən 11 xal geri qalır. Ötən mövsüm isə bu komanda çempionatın gümüş medalını qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edib. Avroliqanın 3-cü mərhələsində Fransanın “Sent-Etyen” klubuna məğlub olan “Tırqu-Mureş” mübarizəni dayandırıb. Komandanın baş məşqçisi Rumıniya futbolunun tanınan simalarından, yaxın keçmişin ən yaxşı müdafiəçilərindən olan Dan Petreskudu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43