“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz”lə yoxlama oyunundan (2:1) sonra brifinq keçirib.
İdmanxeber.az xəbər verir ki, mütəxəssis əvvəlcə yoxlama görüşü barədə fikirlərini açıqlayıb:
– Artıq 20 gündür ki, məşqlərə başlamışıq. Hazırlıq prosesi çərçivəsində ilk oyunumuz idi. Sevindirici haldır ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça çox ciddi yanaşdılar. Söhbət nəticədən getmir. Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır. Futbolçuların məsuliyyətli olması bizi sevindirir. Ümumən komandamın çıxışından razı qaldım.
– İstədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxta ehtiyac var?
– Bu, futboldur. Hər mövsüm öncəsi komandada dəyişiklik olur, kimlərsə gedir, onların əvəzinə başqaları gəlir. Bəzən aparıcı futbolçuları komandada saxlamaq mümkün olmur. Yaxud lazımi transferləri reallaşdıra bilmirsən, seleksiya uğursuz olur. Bir çox səbəblər var. Bir neçə mövqeyə transferlər etmək istəyirik. Axtarışlarımız davam edir.
– Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
– Mərkəz yarımmüdafiəçisi, mərkəz müdafiəçisi transfer etmək istəyirik. Hazırda cəmi 2 mərkəz müdafiəçisi var. Ona görə də bu mövqeyə mütləq futbolçu alınmalıdır. Eləcə də legioner qapıçı götürməyi və hücumameyilli bir futbolçu transferini planlaşdırırıq. Ən azı daha 3-4 transferə ehtiyac var. Lakin nə dərəcədə alınıb-alınmayacağını zaman göstərəcək.
– “Kəpəz”lə oyunun ikinci hissədə əvəzedici heyətdən 1-2 futbolçuya şans verdiz. Həmin oyunçular komanda ilə birgə Türkiyəyə təlim-məşq toplanınışına yollana bilərlər?
– Mümkündür. O futbolçuların çoxu bizimlə birgə həftəiçi məşqlərdə iştirak edirlər. Keçənildən bəzi futboçuları əsas komandanın məşqlərinə cəlb edirik. Onları diqqətdə saxlayırıq. 1-2 nəfərin Türkiyəyə getməsi mümkündür.
– Xüsusi adlar var?
– İndi dəqiq ad çəkə bilmərəm.
Oyunu analiz edəcəm. Həm də mövqelərə baxacağıq. Zədəli futbolçularımız var. Hazırda komandada 3-4 nəfər zədədən əziyyət çəkir. Elə etməliyik ki, toplanış zamanı ən azı hər mövqedə 2 sağlam futbolçumuz olsun.
– Hələ ki yalnız Ruan Renato düşərgədədir…
– Tək bizdə deyil, digər komandalar da transfer baxımından problem yaşayır. Hər məşqçi istəyir ki, toplanışın ilk günündən yeni transferlər sərəncamında olsun. Təəssüf ki, hələ ki alınmır.
– Türkiyədə keçirəcəyiniz yoxlama oyunlarındakı rəqiblər artıq müəyyənləşib?
– Danışıqlar gedir, hələ tam siyahı tam bəlli deyil. Daha doğrusu, ikisi bilinir – “Karagümrük” və “Qaziantep”. Çalışırıq ki, həm bizim, həm də rəqiblərin planına uyğun olsun oyun. Oyunun tarixini əvvəldən proqramlaşdırmaq bir qədər çətindir. Ümid edirəm ki, gələcəkdə biz də o səviyyəyə çataq ki, əksər klublar bizimlə qarşılaşmaq istəsin. Lakin reallıq budur ki, indiki məqamda bizim kimi komandalar 1-2 ay əvvəldən rəqiblə razılığa gəlməyə çətinlik çəkir.
– Tanınmış rumıniyalı mütəxəssis Adrian Mutu “Neftçi”nin baş məşqçisi oldu. Onun təyinatı nə dərəcədə uğurludur?
– Arzu edirəm ki, “Neftçi” üçün uğurlu olsun. Amma Mutunun gəlişinin komandaya nə dərəcədə faydalı olacağını zaman göstərəcək. Düşünürəm ki, maraqlı olacaq.
– “Qarabağ”ın “Linkoln”a qarşı keçirdiyi ilk oyunu necə dəyərləndirirsiz? Razısız ki, Ağdam klubu mərhələ adlamaqda problem yaşamamalıdır?
– Hər zaman yalnız növbəti oyunu fikirləşmişəm. İndiki məqamda da ən düzgünü budur. “Linkoln”un təhlükəli əks-hücumları var. Üstəlik, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda oynamayacaq. Hamının məhz bu oyunu düşünməsi daha məsləhətlidi. Turu keçəndən sonra növbəti mərhələ barədə düşünmək olar. “Qarabağ”a da, avrokuboklarda çıxış edən digər klublarımıza da azarkeşlik edəcəyik. İnşallah ki hamısı mərhələ adlayar.