Müsahibə

“Əsl fan-klub üzvləri öz mədəni səviyyəsi ilə könüllərdə taxt qurar”

Birinci divizionda mübarizəyə başlayan və uğurlu oyunları ilə zirvəyə yüksələn “Araz-Naxçıvan”ın Bakıda "Nəqşicahan" adlı fan-klubunun yaradılması günün əsas mövzularındandır. “Nəqşicahan” elə yaranan gündən də ictimaiyyətin diqqətini çəkdi. "Nəqşicahan" fan-klubunun İdarə Heyətinin üzvlərindən biri də, Simsar.az saytının və Simsar jurnalının redaktoru Elmar Hüseynovdur. Onunla müsahibədə bəzi məqamlara aydınlıq gətirməyə çalışmışıq.

– Elmar bəy, ilk dəfə I divizionda mübarizə aparan bir komandanın artıq ikinci fan-klubu yarandı. Bu fikir necə meydana gəldi?

– “Araz-Naxçıvan”ın ilk oyunlarından dəstəkləyirdik. Oyunlar haqqında fikirlərimizi sosial şəbəkələrdə paylaşırdıq. Amma bunlar daha çox fərdi xarakterli idi. Hamımız sevimli komandamız üçün nəsə etməyə çalışırdıq. “Şahdağ”la oyunda komandamıza dəstək üçün Qusara gedirdik. Bizimlə birgə olan Emin bəy fan-klub yaratmaq təklifi verdi. Hamımız üçün bu təklif sevindirici oldu. Fanklub yaratmaq qərarına gəldik. Bəlkə də ən maraqlısı odur ki, ilk qərar və ilk iclasımız elə Qusar yolculuğu zamanı həll olundu (gülür).

-İdarə Heyətindəki üzvlərdən birinin adı diqqət çəkir.

– Yanuş Romanenkonu deyirsiz (gülür)?

– Hə.

– Bu ad hər kəs üçün maraqlıdır. Demək olar ki, hər kəs məndən onu soruşur. Yanuş bizim futbolsevər dostumuzdur. “Araz-Naxçıvan” yaranan gündən klubun oyunlarını maraqla izləyirdi. Qusara da getmək istədiyini dedi. Onun “Araz-Naxçıvan”a sevgisi fanatlarımızı da çox təəccübləndirmişdi. Qusarda səfəri zamanı İdarə Heyətinin üzvləri seçilərkən Emin bəyin namizədliyi verilmişdi. Lakin o bundan imtina etdi və orijinal bir təklif irəli sürdü. "Mən namizədliyimi geri götürürəm və Yanuş Romanenkonun namizədliyini irəli sürürəm. Qoy bizim fan-klubumuz tolerant olsun" dedi. Onun bu təklifini hamımız alqışladıq.

– Bildiyimiz qədər fan-klub ad seçimində maraqlı mövqe ortaya qoydu, seçim aparıldı.

– Biz ad seçimini Emin bəyə tapşırdıq. "Facebook" sosial şəbəkəsində azarkeşlərimizə sual ünvanlandı, əsasən də yarandığı gündən “Araz-Naxçıvan”a dəstək olan azarkeşlərə. “Əlincə”, “Əcəmi”, “Çənlibel”, “Ekstrim Araz” və “Nəqşicahan” adları var idi ki, səs çoxluğu ilə “Nəqşicahan” qalib gəldi.

– Fan-klubunuz hazırda hansı işləri görür? Maliyyə qaynağınız hardandır?

– Görəcəyimiz iş çoxdu. Hazırda piarla məşğuluq. Sabah komandamız Naxçıvanda “Bakılı”nı qəbul edir. Bilirik ki, Qadir Məmmədlinin rəhbəri olduğu “ultrAraz” komandamızı stadionda dəstəkləyəcək. Ancaq biz əsasən növbəti həftə Bakıda baş tutacaq MOİK-lə oyuna hazırlaşırıq. Bu oyunda ən azı 200 fanatımız olmalıdı. Elə fürsətdən istifadə edərək burdan “Araz-Naxçıvan”ın azarkeşlərini həmin oyunda sevimli komandamızı stadionda dəstəkləməyə çağırıram. O ki qaldı maliyyə məsələsinə, biz yalnız bunu öz vəsaitimizlə, öz pulumuzla həll edəcəyik. Ona görə bizim fan-klubun yaranması səs-küyə səbəb oldu ki, hər kəs fan-klub üçün bacardığı işi ən yaxşı şəkildə görməyə çalışır. Tezliklə hər şey haqqında ətraflı məlumat verəcəyik.

– Digər fan-klublara sözünüz var ?

– Biz onlarla 90 dəqiqə rəqib olacağıq. Həmin vaxt ərzində ancaq komandamızı dəstəkləyəcəyik. Qusarda biz bir azarkeş mədəniyyəti sərgilədik. Orda rəqib azarkeşlər qıcıqlandırıcı şüarlardan istifadə etdilər. Amma uşaqlarımız soyuqqanlı davrandılar. Bu bir daha göstərdi ki, biz azarkeş mədəniyyətinə malikik və bu beləcə də davam edəcək. Stadionda artıq söz işlətmək, söyüş, təhqir və rəqibi aşağılamaq heç bir fan-kluba başucalığı gətirməz. Əsl fan-klub üzvləri öz mədəni səviyyəsi ilə könüllərdə taxt qurar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43