Kateqoriyasız

“Əvvəlki gərginliyimiz yoxdur” – Xayme Romero

“Azərbaycanda olduğum müddətdə bu ölkənin adət-ənənələrini yaxşı öyrənmişəm. Bilirəm ki, qarşıdan Novruz bayramı gəlir və fürsətdən istifadə edib bu münasibətlə bütün azərbaycanlıları, xüsusilə də komandamızın azarkeşlərini təbrik edirəm”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Xayme Romero klubun rəsmi saytına açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçi Premyer Liqadakı fasilədən sonra onları gərgin oyunlar gözlədiyini bildirib: “Çempionatda fasilə olsa da, bizim üçün bu fasilə bitib. Məşqlərimiz davam edir. Amma çətinlik çəkdiyimizi söyləməliyəm. Çətinlik deyəndə nəzərdə tutduğum əsas heyətin cəmi 7 futbolçusu ilə hazırlığı davam etdirməyimizdir. Həftəsonları oyunların keçirilməyəcəyini nəzərə alsaq, əvvəlki gərginliyimiz yoxdur. Buna baxmayaraq, məşq proseslərindən maksimum yararlanmalıyıq. Çünki Premyer Liqada vacib oyunlar bizi gözləyir.

Çempionatda bütün komandalar ciddi müqavimət göstərib, xal qazanmaq istəyirlər. Qalan oyunlar çox çətin keçəcək. “Neftçi”nin də ciddi rəqabət apardığını nəzərə alsaq, çempionluğun taleyini müəyyənləşdirmək asan olmayacaq. Bütün oyunlar həlledicidir və bu matçlardan maksimum yararlanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43