Milli komanda

0:6-nın açıqlaması: “Uşaq səhvləri ilə…”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi səfərdə Avstriyaya 0:6 hesabı ilə məğlub olub.

Idmanxeber.az-ın məlumatına görə, qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Milan Obradoviçin fikirlərini bildirib:

“Bizim üçün uğursuz gün oldu. Oyuna itkilərlə çıxmaq məcburiyyətində qaldıq. Çünki Rauf Hüseynli fiziki cəhətdən hazır olmadığı üçün heyətə salmadım. Həmçinin Mert Çelik də məşqdə zədələndiyi üçün ilk hissənin əvvəlində əvəzləməyə məcbur olduq. Bundan başqa, Rüfət Əhmədovu da səfərə gətirməmişdik. Nəticədə, üç yeni oyunçu ilə meydana çıxmağa məcbur olduq.

Oyuna gəlincə, rəqibin ilk üç qoluna şərh verməkdə çətinlik çəkirəm. Çünki uşaq səhvləri ilə Avstriya millisinin fərqlənməsinə şərait yaratdıq. Belə demək mümkünsə, həm Xorvatiya, həm də Avstriya millisi kiçik səhvlərimizə görə bizi cəzalandırdılar.

İkinci hissədə pressinq etdik, topa nəzarət bərabər olsa da, futbolçuların sona qədər mübarizə aparmaq gücləri qalmadı. Nəticədə, rəqibə daha üç qol hədiyyə etdik.

Buna baxmayaraq, uşaqlara inanıram. Onlar bacardıqlarını etdilər. Bu iki qarşılaşmadakı məğlubiyyətlər futbolçuları ruhdan salmamalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43