Hazırda “Sabah”da çıxış edən Şakir Seyidov “Kəpəz”dən gələn təklifi dəyərləndirmədiyi üçün peşmandı.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm də icarə əsasında Gəncə klubunda çıxış etmiş futbolçu yenidən “sarı-göylər”in “radarı”na düşmüşdü. Qış fasiləsində “Kəpəz” Şakir Seyidovu heyətinə qatmaqda maraqlı idi. Hətta futbolçu ilə təmasa da keçən qərb təmsilçisi Seyidovdan “yox” cavabı aldı.
Məsələ burasındadı ki, Gəncə klubu ona 6000 manat maaş təklif etmişdi. Lakin futbolçu ona təklif edilən rəqəmdən 1000 manat artıq tələb edib. Nəticədə Seyidovun bu planı baş tutmadı. “Kəpəz” tərəfi ona bu məbləği verə bilməyəcəyini bildirdi.
AFFA İcraiyyə Komitəsinin (İK) legioner limitinin ləğvi ilə bağlı qərarı, Berezutskinin ona “bayquşlar”ın heyətində stabil olaraq şans verməməsi və “sarı-göylər”in qələbələr qazanaraq ardıcıl mükafatlar əldə etməsi nəticədə Seyidovun səhv qərar verdiyinin fərqinə varması ilə nəticələnib.