30 Yanvar 2025
Kateqoriyasız

19 oyunluq seriya qırıldı

Bakının AZAL klubunun qol seriyası qırılıb. Topaz Premyer Liqasında ardıcıl 19 oyun meydanı qol vurmadan tərk etməyən Vaqif Sadıqovun yetirmələri 8-ci turun “Rəvan”la görüşündə rəqib qapısına yol tapa bilməyib.

Sonuncu dəfə ötən çempionatın 20-ci turunda, fevralın 16-dakı qarşılaşmada (0:2) “Bakı”nın qapısına qol vura bilməyən AZAL bundan sonrakı 19 qarşılaşmada 42 dəfə rəqib qapıçılarını məyus etmişdi.

Bakılılar bununla da klub tarixinin ən yaxşı nəticəsini – 2007-ci ildə ardıcıl 10 oyun qol vurmaq rekordunu təxminən 2 dəfə yaxşılaşdırıb. Mütləq rekord isə 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol vuran “Turan”a məxsusdur. “Şəmkir” 28 oyunluq seriya ilə 2-cidir. “Neftçi” və “Kəpəz” ardıcıl 25 matçda qol sevinci yaşayıb. Sonuncu 2 komandanın hərəsi daha 2 dəfə uğurlu seriyası ilə diqqət çəkib. Bakılılar 22 və 19, Gəncə təmsilçisi 23 və 21 qarşılaşmada bunu bacarıb.

Qeyd edək ki, AZAL-ın seriyasının qırılmasından sonra yalnız 1 komanda – “İnter” cari mövsüm bütün oyunlarda qol sevinci yaşayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43