Kateqoriyasız

Azərbaycan UEFA reytinqində iki pillə irəliləyə bilər – “Qarabağ” udsa

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Kiprdə APOEL-lə keçirəcəyi matçdan sonra Azərbaycan UEFA reytinqində irəliləyə bilər.

Bu, Ağdam təmsilçisinin qələbə qazanacağı təqdirdə gerçəkləşəcək. Hazırda 18,500 xala malik Azərbaycan avrokubokda təmsilçisi olmayan Belarusu (18,875) geridə qoyaraq 26-cı yerdən 25-ci pilləyə yüksələcək. “Qarabağ” APOEL-ə qalib gəlsə, Azərbaycan 24-cü pilləyə də yüksələ bilər. Amma bunun üçün Qazaxıstan “Astana”sı evdə Hollandiya AZ–sinə uduzmalıdır.

Nikosiyadakı görüşdən sonra kiprlilər də UEFA reytinqində yüksələcəklər. Hazırda 25,250 xalla 16-cı olan ada-dövlət APOEL-in qələbəsi sayəsində 15-ci yerdəki Yunanıstanı (25,300) geridə qoyacaq. Elladalıların avrokubokdakı yeganə təmsilçisi “Olimpiakos” ötən gün Çempionlar Liqasının qrup mərhləsinin IV turunda “Bavariya”ya Almaniyada 0:2 hesabı ilə uduzub və ölkə reytinqinə xal qazandıra bilməyib.

Qeyd edək ki, bu gün keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq (“Report”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43