Kateqoriyasız

Həm elə, həm də belə…

Qələbəni istəmək, qələbənin yarısını əldə etmək deməkdi. Ötən gün “Neftçi” bu istəyinin fonunda “Rapid”i Bakıdan məyus yola sala bildi. Hərçənd ki, daha yaxşı ola bilərdi. Son saniyələrdə buraxılan qol nə qədər məyusedici olsa da, vacib olan qələbə idi, o da qazanıldı. Oyundan öncə bizə istənilən minimalhesablı qələbə təklif olunsaydı, ikiəlli razılaşardıq. Ancaq şahidi olduğumuz oyuna əsasən nəticə bizi narazı saldı. Daha yaxşı nəticəyə layiq futbol gördüyümüz üçün…

“Aris”lə ilk oyunda həm oyun, həm də nəticə tənqid olundusa, kiprlilərlə cavab matçında turu gətirən böyükhesablı qələbə gözlərdə təbəssüm yaratdı. Hətta meydanda istənilən oyunu görməsək belə… “Rapid”lə matçda isə sərgilənən futbol, qazanılan nəticə ümid verdi.

Əzm, istək nə qədər böyük olsa, məqsədə aparan yol bir o qədər qısa olar. “Neftçi” bu gün meydanda əzmkarlığın, istəyin nəticəsində müsbət nəticələr əldə etməkdədi. O heç ki, Laurentisu Regekampf amili də əsas rol oynayır. Şübhəsiz ki, rumıniyalı qısa zaman kəsiyində istədiyi komandanı qismən də olsa qura, öz oyun üslubunu kollektivə aşılaya bilib. Nəzər alaq ki, avrokuboklarda mərhələlər aşıldıqca komanda hər oyundan-oyuna daha da artırır, istədiyi futbolu meydanda rəqiblərinə diqtə etdirməyə çalışır. Demək ki, zamanla daha yaxşısını görə bilərik…

“Neftçi” Vyanaya qalib komanda, cütün üstün tərəfi kimi gedir. Heç şübhəsiz ki, Avstriyada çətin olacaq. “Ağ-qaralar” “Rapid” səddini keçəcək, hətta rəqibi onun meydanında məğlub edə biləcək gücdədi. Yetər ki, “Aris” və  avstriyalılarla ev oyunlarındakı kimi meydanda istəkli, əzmkar, döyüşkən ruhlu komanda görək. Məhz bu mərhələni gətirəcək amillərdən ola bilər.

Azərbaycan futbolunun “Neftçi”nin avrokuboklarda uğurlu çıxışına ehtiyacı var. Bir yanda “Qarabağ”, digər yanda “Neftçi” müsbət nəticələr əldə etdikdə həm daxili arenada xoş gərginlik yaranır, həm də bu şirin rəqabət fonunda Azərbaycan futbolu qazanır. Həm nəticə, həm də UEFA-dan gələn vəsaitlər hesabına. Həm elə, həm də belə…

Qazancınız bol olsun. Sözün hər iki mənasında…

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43