Müsahibə Ölkə futbolu

“5-6 aydan bir komanda dəyişən futbolçu deyiləm” – “Zirə”nin legioneri

“Zirə”nin futbolçusu Andriya Lukoviçin idmanxeber.az saytına müsahibəsi

-“Qəbələ” ilə oyunda hesabda önə keçsəniz də, qalib gələ bilmədiniz. Səncə, qələbə üçün nə çatmadı?

-Həmin oyunda performansımız olduqca əla idi. “Qəbələ”dən daha yaxşı oynadıq. Çoxlu sayda imkanlarımız olsa da, faydalana bilmədik. Rəqib də yaxşı komandadır. İkinci hissədə bəzi dəyişikliklər etdilər. Meydanda iki hücumçu ilə mübarizə apardılar. İkinci qoldan sonra bu həmlələri başa düşülən idi. Heç-heçə ilə kifayətlənə bilmərik. Əgər oyunumuz belə davam etsə, hamımız üçün uğurlu olacaq.

-Fasilədən sonrakı üç oyunda komandanın aktivində bir qələbə, bir heç-heçə və bir məğlubiyyət var. “Zirə”nin stabil çıxış edə bilməməsində səbəb nədir?

-Hər üç oyunu da yaxşı səviyyədə başa vurmuşuq. Ağlımızdakı oyun planını həyata keçirə bilirik. Bəzən bütün görüşlərdən qələbə ilə ayrılmaq mümkün olmur. Meydanda məşqçinin istədiyini etməyə çalışırıq. Hazırda komandanın performansı çox yaxşıdır.

-Komandanın avrokubok iddiası var. “Zirə”nin bu hədəfə nail olacaq gücü var?

-Mövsüm uzundur. Qarşıda bizi çoxlu oyunlar gözləyir. Məncə, “Zirə” ilk “4-lüy”ə düşməyə layiqdir. Hələ “Qarabağ”, “Neftçi”, “Sabah”la oyunlarımız var. Çempionatın sonunda bizim performansımızın avrokuboklara getməyə kifayət edib-etməyəcəyini görəcəyik.

-Klubun iddiası üzərinizdə çox təzyiq yaradır?

-Təzyiq həyatın bir parçasıdır. Oyunlarda qələbə qazanmaq üçün müəyyən qədər təzyiq olmalıdır. Bu, müsbət bir haldır. Əgər üzərimizdə təzyiq olmasa, yalnız futbolda yox, heç həyatda da nəticə qazana bilmərik.

-Baş məşqçi komandanın oyunundan məmnun olsa da, adi səhvlərin çox olmasından şikayətlənir…

-Bəli, çıxışımız yaxşıdır. “Qəbələ” ilə oyunda daha çox qol vurmalıydıq. İmkanlardan istifadə etməliyik. Rəqibin cərimə meydançasında bəzən sonluq yaxşı olmur, bəzən də şansızlıq olurdu. Bunun üzərində mütləq çalışmalıyıq.

-Qarşıda “Səbail” oyunu var. Komanda qələbələr seriyasına başlaya biləcək?

-Mövsümün ilk yarısında onlara qarşı qələbə qazanmışdıq. Onlarla necə oynayacağımızı bilirik. Nəzərə alaq ki, bu görüş süni ot örtüyündə keçəcək. Bu da qarşılaşmanı maraqlı edəcək amillərdən biridir. Həmin matça qədər yaxşı bərpa olub, maksimum güclə hazırlanmalıyıq. Hazırda turnir cədvəlindəki durum bir az qarışıqdır. Ancaq biz avrokuboklara vəsiqə istəyiriksə, bu oyunda da qalib gəlməliyik.

Transfer dönəmində hər hansı bir klubdan təklif gəlib?

-Bura gəldiyim beş aydır. “Zirə”ni dəyişməklə bağlı fikrim yoxdur. Mənim klubla hələ 1,5 illik müqaviləm var. “Zirə”nin uğurları üçün çalışıram. Burada uzun müddət qalmaq istəyirəm, uğurlu nəticələr qazanmaq hədəfim var. 5-6 aydan bir komanda dəyişən biri deyiləm.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43