04 Yanvar 2025
Ölkə futbolu

“6 aydan sonra hər şey bilinəcək” – Bakı klubunun yeni baş məşqçisi

“Klub rəhbərliyi mənə planlarını, məqsədlərini bildirdi. Ya çempionluq, ya da ikinci yeri tutub pley-offda qalib gəlib I Liqaya vəsiqə qazanmaq”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında II liqa komandası “Şəfa”ya yeni baş məşqçi təyin olunan Elgiz Kərəmli deyib.

Bakı klubu gənc mütəxəssislə 6 ay+1 illik müqavilə imzalayıb.

Kərəmli onun qarşısına qoyulan hədəflərdən danışıb:

“Mənim burdakı əsas işim 6 ay içərisində olacaq. Komandanı I Liqaya yüksəldə bilsəm, müqaviləm daha 1 il uzadılacaq. Klub rəhbərliyi ilə danışdım ki, I Liqaya yüksəldikdən sonra burada da çempion olacağım halda, daha 2 il müqaviləm uzadılsın. Bu, müqavilədə yox idi, öz aramızda danışmışıq.

Klub rəhbərliyi 13 oyunda 13 qələbə istəyir. Çalışacağıq ki, komandanı bu məqsədə çatdıraq. “Şahdağ Qusar” çempionatın lideridi. Lakin bizim onlarla öz aramızda oyun var. Əsas məsələ komandanı I liqaya yüksəltməkdi. Bu, klub rəhbərliyini qane edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43