08 Sentyabr 2024
Ölkə futbolu

“6-cı dəqiqədə qol buraxırsansa, deməli, hazır deyilsən” – Miodraq Bojoviç

Azərbaycan Premyer Liqasının XXI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Sumqayıt”ı qələbə və yeni arenanın açılışı ilə bağlı təbrik edirəm. Gözəl atmosfer var idi. Komandama gəlincə, oyuna çox pis başladıq. Ola bilsin, bunun səbəbi əvvəlki matçla bağlı idi. Kubokda ilk hissədə 3 qol vurmuşduq, düşündük, təkrarlaya bilərik. Bu gün ilk hissədə rəqib yaxşı oynadı və fərdi səhvlərdən qollar buraxdıq. Fasilədən sonra oyunu dəyişə bildik. Qol vura da bilərdik, buraxa da. “Sumqayıt” layiqli qələbə qazandı.

– Bugünkü komandada əvvəlki oyundakından fərqli nə var idi? Kuboka və çempionata yanaşma fərqlidir?
– Həm kuboka, həm çempionatına eyni hazırlaşırıq. Bu gün yaxşı hazırlaşmadığımız göründü. 6-cı dəqiqədə qol buraxırsansa, deməli, hazır deyilsən.

– Fasilədən sonrakı oyun xoşunuza gəldi?
– Oyunu dəyişə bildik, bəzi epizodlarda qol vura bilərdik. İlk hissə ilə müqayisədə yaxşı oynadıq.

– Hücum xəttindəki oyunçularla bağlı nə düşünürsüz?
– Nə deyə bilərəm? Əvvəlcə özümdən soruşmalıyam, özümdən razıyammı?

– Azər Əliyev oyuna hazır deyildi. Fərdi səhvlər, müdafiənin ləngliyi diqqət çəkdi. Müdafiədəki problemlər nə vaxt həllini tapacaq?
– “Sumqayıt” bu gün yaxşı oynadı. Dünyanın istənilən baş məşqçisindən soruşsanız, güclənməli olduqlarını deyəcək. İndi transfer üçün imkan yoxdur.

-Boqomolski ötən oyun dubl etsə də, bu gün görünmədi. Emin Mahmudovun oyunu alınmadı. Onu dəyişmək üçün 86 dəqiqə gözləmək lazım idi?
– Hər oyunun fərqi var. Ötən matç qollar vurdu, lap yaxşı. Bu gün alınmadı. Hər matç fərqli hekayədir. Eminin zədə ilə bağlı şikayətləri var idi. Ağrı hiss edirdi.

– İdeal “11-liy”inizi tapmısınız?
– Brayan Moreno və Mirzov fiziki baxımdan hələ tam hazır deyillər. Onlar da yaxşı olandan sonra rəqabət olacaq. Daim ideal “11-liy”in axtarışındayıq. Yaxşı olmaqçün birlikdə çox oynamalıyıq.

– Yarımmüdafiədə bu gün səhvlər nə ilə bağlı idi?
– Məncə, oyunu təhlil etməliyik. Yəqin, daha az qaçırdıq. Fərdi mübarizələrdə məğlub olurduq, topu yaxşı almırdıq.

– Rusiyadan baxdığınız, bəyəndiyiniz oyunçu varmı?
– Transferlə bağlı mütəxəssislərimiz var. Mən bununla bağlı hansısa tədbir görməmişəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43