Dünya futbolu

“7-ci mərtəbədən tullanmaq istədim” – kamerunlu forvard

“Hatayspor”un futbolçusu Kevin Soni Fransa mətbuatında açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, kamerunlu forvard Hatay şəhərində baş vermiş güclü zəlzələdə yaşadıqlarından bəhs edib. O, hər şeyin çox qorxunc olduğunu açıqlayıb:

“Hazırda özüm yaxşıyam. Daha öncə belə bir şey yaşamamışdım. Görmədəyim, ömür boyu unutmayacağım gün oldu. Zəlzələ anında dünyanın sonunun gəldiyini düşündüm. Elə həmin an hər şeyin necə boş olduğunu gördüm. Hamı evini, maşınını buraxıb sığınmağa yer axtarırdı. Əvvəlcə tavan üstümüzə aşdı. Küçədə güclü bir küləyin olduğunu zənn etdim. Ancaq çölə baxanda yerin yarıldığını gördüm. Yox, artıq dünyanın sonu idi, hər yer silkələnirdi. Yeddinci mərtəbədən tullanmaq istədim. Yadıma düşdü ki, ayağım qırılar və bir daha futbol oynaya bilmərəm.

Yanında ölən insanları gördüyündə növbətinin sən olduğunu düşünürsən. Bina az qala üstümüzə yıxılacaqdı. Şansımız gətirdi ki, vaxtında çıxa bildik. Mən müsəlmanam, inanclı biriyəm. Sübh namazının vaxtını gözlədiyim üçün oyaq qalmışdım. Əgər yatmış olsaydım, bəlkə artıq ölmüşdüm. Gözümün önündə yer yarıldı, altında nə var bilmirəm. Ancaq hər yer qap-qara idi. Hazırda İstanbuldayam. Hələ də yerin silkələndiyini hiss edirəm. Yanımdakılar belə olmadığını deyirlər. Deyəsən, ağır travma almışam.

İstanbula gəldikdən sonra ancaq oradakı insalar barədə düşünürəm. Onların çoxlu ehtiyacları var. Davamlı kömək etməyə çalışırıq. İnanın ki, pul hər şey deyil. Bu, hamının başına gələ bilər. Bu gün Hatayda, sabah Parisdə və ya başqa bir şəhərdə zəlzələ ola bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43