2018-ci ilin yanvar – aprel aylarında 1500-dən çox futbol komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə ölkənin İdman Turizm Birliyinin sədri Recep Şamil Yaşacan bildirib.
O, deyib ki, 20-dən çox ölkənin klubları FIFA tələblərinə cavab verən 157 kompleksdən yararlanacaqlar. Yaşacanın fikrincə, yanvar – aprel aylarında 100 milyon dollardan çox gəlir əldə olunacaq: “İdman turizmi Türkiyə üçün çox önəmlidir. Bunu dövlət və özəl sektor olaraq gözardı etməməliyik. Dünyada idman turizminin ümumi gəliri 200 milyard dollardır. Bunun 1 milyard dolları Türkiyənin payına düşür. Futbol turizmi Türkiyəni dünyaya tanıdır. Almaniya, Belçika, Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, İran, Serbiya, Xorvatiya, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Bolqarıstan və bir çox ərəb ölkəsi burada təlim-məşq toplanışı keçib”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun hamısı qış fasiləsində Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Həmçinin Azərbaycan milli komandası və yerli hakimlər də yanvar – fevral aylarında Türkiyəyə yollanacaqlar.