Azərbaycan futbolunun tanınmış simalarından olan, veteran futbolçu Vidadi Rzayevin Idmanxeber.com saytına müsahibəsi.
– Vidadi müəllim, nəhayət “Kəpəz”ə “Azərinşaat” şirkətinin sponsorluq edəcəyi məlum oldu…
– Hə, çox sağ olsunlar ki, Gəncəni futbolsuz qoymadılar, Allah bu işdə əməyi olan hər kəsdən razı olsun. Ancaq futbolçuların çoxu artıq başqa klublara üz tutublar. “Kəpəz”in demək olar, futbolçusu qalmayıb. I Divizionun start götürməyinə təxminən 20-22 gün vaxt qalıb. Bu vaxt içərisində futbolçu yığmaq, çox çətin olacaq. Ancaq Gəncə kimi şəhərdə bu mümkündü, Premyer Liqaya vəsiqə qazanmaq olar.
– Deyilənə görə, yeni sponsor Gəncə şəhər stadionunu da təmir etdirməyə hazırdı, bundan başqa komandaya 300-500 min manat arası vəsait xərcləyəcək. Bu məbləğlə yaxşı komanda qurmaq olar?
– Azərbaycanın I Divizionu üçün bu heç də pis məbləğ deyil. Klubun başında futbolu bilən adamlar dursa, yaxşı komanda qurmaq olar. Sağ olsunlar ki, stadionu da təmir etdirmək istəyirlər. Bir gəncəli futbol veteranı kimi çox sevinirəm. Elmir Əliyev kimi “tullanqı” insanlar heyif ki, “Kəpəz”i pis günə qoydu.
– AFFA İcrayi Komitəsinin yeni çıxardığı qərarə əsasən I Divizionda çıxış edən klublar artıq əsas heyətdə 6, 21 yaşlı futbolçu oynatmaq məcburiyyətindədi. Halbuki, bir müddət əvvəl bu rəqəm 8 idi. Sizcə, qərarda olan dəyişiklik, futbolumuza öz töhvəsini verəcəkmi?
– Mənə elə gəlir, AFFA bu qərarı düşünərək atıb. Onlar futbolumuzun inkişafını istəyirlər. Gələcəkdə də yenə bu limiti dəyişərlər, dəyişməzlər, öz işləridi.
– Yəqin ki, “Kəpəz” futbolçu tapmaqda elə də çətinlik çəkməyəcək, çünki Gəncədə istedadlı gənclər çoxluq təşkil edir…
– Doğurdan da, Gəncədə istedadlı uşaqlar çoxdu. Amma ki, Gəncədə futbol məktəbi yoxdu, akademiya yoxdu. Bir balaca burda yetişmək istəyən uşaqlar da, qaçırlar “Qəbələ”nin, “Bakı”nın akademiyasına. Gəncədə şərait olsa, o uşaqları qoymazdılar, kənara çıxmağa. Elə Gəncədə də yetişdirərdilər.
Mehman Allahverdiyevin “Kəpəz”ə baş məşqçi keçəcəyi bildirilir, bundan xəbəriniz var?
“Kəpəz”in baş məşqçisi Mehman müəllim olmalıdı də, bəs kim işləməlidi?
Mehman Allahverdiyev baş məşqçi olsa, onunla işləyəcəksiniz?
Vallah, mənim işləyib, işləməyəcəyim bilinmir. Bu gələcəyin işidi və bu sualı onun özünə versəniz, daha yaxşı olar. Əsas odu ki, Mehman müəllim işləsin. Çünki Gəncə futbolu deyəndə, ilk ağıla gələn insan odu.
Hidayət Qurbanov