23 Dekabr 2024
Premyer Liqa

Lənkərandan rəsmi məlumat: 5 hərbçi və 1 polis zabiti xəsarət alıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) istintaq bölməsinin rəisi Polad Mehdiyevin APA-ya verdiyi məlumata görə, ötən gün “Xəzər-Lənkəran” – “Neftçi” oyunundan sonra baş verən insident zamanı Daxili Qoşunların müddətdən artıq hərbi qulluqçuları 1988-ci il təvəllüdlü Saleh Səttar oğlu Hüseynov, 1990-cı il təvəllüdlü Tural Səfər oğlu Əliyev, 1987-ci il təvəllüdlü Natiq İsmayıl oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Kamran Dadaş oğlu Quliyev, 1989-cu il təvəllüdlü Sənan Surxay oğlu Həsənov və polis baş leytenantı 1977-ci il təvəllüdlü Mircan Mirverdi oğlu Quliyev xəsarət alıblar.
Baş verən insident zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən hərbi qulluqçular bu gün xəstəxanadan evə buraxılıb, polis baş leytenantı isə xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, ötən gün Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında insident baş verib.
Lənkəran ŞRPŞ-dən APA-ya verilən məlumata görə, insident oyun bitəndən sonra hər iki komandanın azarkeşləri arasında yaranıb.
Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət stabilləşib. İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb. Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43