24 Dekabr 2024
Müsahibə

Tuyqun Nadirov dünənki qalmaqaldan danışıb, “Xəzər Lənkəran”lı fanatlara səsləndi – MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi

– Tuyqun bəy, dünən “Xəzər Lənkəran”-“Neftçi” qarşılaşmasından sonra baş verənlər bağlı klubun vitse-prezidenti olaraq fikirlərinizi bilmək istərdik.

– Çox maraqlı bir qarşılaşma oldu. Bu oyun göstərdi ki, Azərbaycanda futbol günbəgün inkişaf edir və maraqlı olur. Dünənki qarşılaşma Azərbaycanın iki güclü klubu arasında idi. Stadion azarkeşlərlə dolu idi. Əfsus ki, oyun bitəndən sonra stadionun ətrafında, küçələrdə azarkeşlər arasında qarşıdurma oldu. Əlbəttə, rəhbərlik olaraq bunu dəstəkləmirik. Bu xoşagəlməz haldır. “Neftçi” də, “Xəzər Lənkəran” da Azərbaycanın komandasıdır. “Xəzər Lənkəran” rəhbərliyi olaraq bu cür hadisələrin həmişə əleyhinə olmuşuq. Oyundan qabaq  yerli fanklubların rəhbərləri və hüquq mühafizə orqanlarının iştirakı ilə görüşlər keçirdik. Söhbətlərimizdə bildirdik ki, qətiyyən belə hadisələrə yol vermək olmaz.

– Artıq sözügedən hadisə ilə bağlı cinayət işi açılıb. 7 nəfərin saxlanıldığı bildirilir. Siz klub rəhbərliyi olaraq həmin azarkeşlərlə maraqlanmısız?

– “Xəzər Lənkəran” klubu olaraq onlarla maraqlanmışıq. Hansısa azarkeşə klub rəhbərliyi olaraq bəraət qazandıra bilmərik ki? Bəziləri azarkeşləri sövq edib ki, insident olsun, kütləvi iğtişaş baş versin. Bu yol verilməzdir. Biz də bunun qəti şəkildə əleyhinəyik. Fərqi yoxdur istər azarkeş olsun, istər başqası hər kəs qanun qarşısında eynidir və qanun qarşısında cavabdeh daşıyır. Mən deməzdim saxlanılan azarkeşlərin hamısı, hüquq mühafizə orqanlarının dediyinə görə, onların arasında həqiqətən də azarkeşləri bu kimi iğtişaşlara sövq eliyən əvvəlcədən hazırlamış adamlar var. Onlar Bakıdan gəlmişdilər. Həmin şəxslər Lənkərandan, eləcə də cənub bölgəsindən deyillər. Başqa  rayondan gəlib məqsədyönlü şəkildə insident yaradıblar ki, kütləvi iğtişaş baş versin. Azarkeşlər oyun bitəndən sonra normal şəkildə stadionu tərk edib getdilər. Azarkeş istəsəydi çıxardı meydançaya, oyun zamanı stadiona yad əşyalar atardı. Amma bunların heç biri baş vermədi. Stadionda yanğın da olmayıb, sadəcə fişəng yandırılıb,  dərhal onu da söndürdülər. Son zamanlar müşahidə edirik ki, oyun haqqında dezinformasiyalar yayırlar. Elə adamlar var ki, mətbuat nümayəndələrini də öz məqsədlərində istifadə edir. Bu da xoşagəlməz hadisələrə gətirib çıxarır. “Qarabağ”la oyundan sonra da mətbuatda belə bir informasiya getdi ki, guya kimsə bıçaqlanıb. Bunlar hamısı cəfəngiyyatdır, heç kim orda bıçaqlanmayıb. “Qarabağ” Azərbaycanı avrokuboklarda təmsil edən bir komandadır. “Xəzər Lənkəran” olaraq buna sevinirik. “Xəzər Lənkəran”ın mərhələ adlaması, “Qarabağ”ın qazandığı uğur, ümumiyyətlə Azərbaycan futbolunun inkişafının göstəricisidir. Bu klublarımızın öz sözünü deməsindən xəbər verir.

– “Xəzər Lənkəran” azarkeşləri dünənki hadisəni mayın 28-də ölkə kubokunun finalında keçirilən “Neftçi”-“Xəzər Lənkəran” qarşılaşmasından sonra baş verən davanın davamı kimi qiymətləndirirlər. Sizdəmi dünənki hadisələrə “28 May”ın davamı kimi baxırsız?

– Mən hesab edirəm ki, mayın 28-dəki  oyunun davamı bu ola bilməz. Çünki klub rəhbərliyi olaraq düşmənçiliyin, belə halların qəti əleyhinəyik. Mayın 28-də baş tutan oyunda baş verən, elə o tarixdə qaldı. Bu futboldur. Heç bir zaman bunu başqa tarixlə əlaqələndirmək olmaz. O dediyim adamlar, bəzi mətbuat əməkdaşlarının da burda əməyi var. Onlara azarkeş də deməzdim, bir qrup şəxs həmin qarşılaşmaları önə çəkir ki, iğtişaş baş versin, ara qızışsın. Burda başqa bir şey yoxdur. Əgər azarkeşin bir narahatlığı olsaydı oyundan bir gün əvvəl “Neftçi” “Xəzər Lənkəran”ın mərkəzi stadionunda məşq edirdi. Eyni vaxtda köməkçi meydançada klubların əvəzedici futbolçuları bir-birlərinə qarşı mübarizə aparırdı. Orda da bizim azarkeşlər var idi. “Neftçi” klubu tam sərbəst şəkildə stadiona gəldi, öz məşqlərini etdi və getdi. Heç bir mühafizə yox idi. Mən demək istəyirəm ki, hər hansı kin, kubokun finalından qalan xoşagəlməzlik olsaydı, elə orda özünü biruzə verərdi. Bir daha deyirəm ki, bir qrup öyrədilmiş şəxs məqsədyönlü şəkildə o işləri təşkil etməyə çalışdı.

– Dünənki kadrlardan görünür ki, stadiona da ziyan dəyib. Ümumiyyətlə, nə qədər ziyan dəyib?

– Stadionda sadəcə fişəng atıblar, orda yanğın olmayıb.

– Yəni stadiona ziyan dəyməyib?

– Ziyan dəyib, oturacaqlar sındırılıb.  Bundan başqa heç bir ziyan dəyməyib. Bunlar dezinformasiyadır. “Gah bıçaqlandı, gah yanğın oldu” deyirlər.

– Bəs “Neftçi” rəhbərliyi ilə dünən baş verənlərlə bağlı danışmısız?

– Əlbəttə, biz oyun bitəndən sonra klub prezidenti Mais Mənsimovun təşəbbüsü ilə “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov başda olmaqla bütün futbolçu heyəti otelə dəvət olundu. Mais Mənsimov Sadıq müəllimlə bir yerdə oturdu, söhbət elədilər. Heç bir insident baş vermədi və onları tam təhlükəsiz yola saldıq.

– Tuyqun bəy, Sadıq bəy dünən açıqlamasında “Xəzər”li azarkeşlərin “ana –bacı söyüşü” işlətdiklərini deyib.

– Mən bu barədə danışa bilmərəm. Hansı komandada çıxışından asılı olmayaraq hər bir futbolçu gərək öz hərəkəti ilə provokasiya etməsin. İstər oyunu aparan hakim, istərsə də oynayan futbolçular gərək azarkeşləri qıcıqlandıran hərəkətlər etməsin. Sonuçda futbol azarkeşlərimiz üçündür. Onlar stadiona futbolu seyr etməyə gəliblər. Azarkeşə qarşı hörmətsizlik təbii ki, xoşagəlməzdir.

– Azarkeşlərə nə mesaj vermək istərdiz? Nəzərə alsaq ki, hər iki klubun fanatları bundan sonra da üz-üzə gələ bilər.

– “Xəzər Lənkəran” azarkeşlərinə bir sözüm var ki, bir qrup şəxslərin provokasiyasına getməsinlər. Elə jurnalistlər var ki, azarkeşləri düşmənçiliyə çəkməyə çalışırlar.Azarkeşlər onların sözlərinə uymasınlar, komandasının arxasında dayansınlar. Hər zaman “Xəzər Lənkəran”ı dəstəkləsinlər, Azərbaycan futboluna dəstək olsunlar. Mən özüm dünən bir qrup azarkeşimiz rəqib azarkeşlərin sektoruna doğru gedəndə onların qarşısına çıxıb “buna ehtiyac olmadığını ” dedim. Sabah bu hərəkətlərə görə klub sanksiyalara məruz qala bilər. Azarkeşlər də sağ olsunlar,  klub rəhbərliyinin hörmətini salxayıb geri qayıtdılar.

qafqazinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43