27 Dekabr 2024
Kateqoriyasız

“Elə bil “Xəzər Lənkəran”ı lənətləyiblər” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun və 21 yaşadək futbolçulardan ibarət olan milli komandanın qapıçısı Orxan Sadıqlının müsahibəsi

– “Xəzər Lənkəran”ın bu mövsüm uğursuz çıxışını nə ilə izah edə bilərsən?

-Bizim yeganə bir problemimiz var o da ki, qol vura bilməməyimiz. Qol vura bilməyən komanda da heç vaxt uğur qazana bilməz. 5 turdan sonra bu cür nəticə göstərməyimiz çox acınacaqlıdır. Bizə bir qələbə lazımdır. Sadəcə olaraq  qələbə ki, psixoloji vəziyyətimiz düzəlsin. Ona görə də “Bakı” ilə oyunda mütləq qələbə qazanmalıyıq. Doğrudur, bu çox çətin olacaq. Çünki “Bakı” hazırda yaxşı vəziyyətdə olan bir komandadır. Son turda da “Neftçi” üzərində parlaq qələbə qazandılar. Ancaq bununla belə, biz əgər “Bakı”ni udsaq, inandırım sizi ki, qələbələrin davamı gələcək.

 

-Bəlkə, Con Toşakın komanda ilə keçirdiyi məşqlər qələbə üçün yetərli olmur?

-Yox, mən elə deməzdim. Hər keçən tur göstərir ki, komanda yavaş-yavaş özünə gəlir. Biz oyun ərzində ən azı 4-5 təhlükəli qol epizoduna giririk. Ancaq qol vura bilmirik. Bunun da günahkarı özümüzük. Burada nə məşqçi, nə rəhbərlik təqsirkar deyil ki. Toşak öz işinin öhdəsindən yaxşı gəlir. Hər məşqimiz ciddi, tam olaraq keçir. Lakin qol vura bilməmək problemimiz keçmir.

-Son zamanlar Mirça Rednikin yenidən “Xəzər Lənkəran”ı çalışdıracağına dair xəbərlər yayılır. Səncə, komandanın hazırkı vəziyyətində belə bir dəyişikliyə ehtiyac varmı?

-Vallah, açığını deyim ki, komandaya məşqçi gətirmək, məşqçi göndərmək bzim işimiz deyil. Lap sabah  Rednik də gəlsə, biz futbolçu olaraq onun da dediyi tapşırıqlara əməl edəcəyik. Ancaq ümumilikdə mən Toşakdan bir məşqçi kimi razıyam. Sözsüz ki, o da komandanın belə uğursuz çıxış etməyini istəməz. Yenə də deyirəm, kimin gəlib, kimin gedəcəyinə biz qərar vermirik. Bunu rəhbərlik edə bilər.

– Son turda “Qəbələ” məğlubiyyətindən sonra komandada əhval-ruhiyyə nə vəziyyətdədir?

– Məğlubiyyət hər necə olursa, olsun  həmişə acıdır. Lakin  “Qəbələ” məğlubiyyəti artıq  arxada qalıb və biz növbəti turu, “Bakı” ilə oyunu gözləyirik. Ona görə də özümüzü bu  oyuna kökləməyə çalışırıq. Həm də komandanın bir sıra futbolçusu İsraillə oyun üçün səfərə yola düşüb. Gərək onlar da özlərini millinin oyununa hazırlasınlar”

– Bir qapıçı kimi “Xəzər”in oyununu qıraqdan izləyəndə hansı mövqeyə dəyişiklik edilməsi lazım olduğunu sezirsən?

– Bizim müdafiəmiz biraz zəifdir. Son vaxtlrda kobud səhvlərdən qollar buraxdıq. Ancaq belə baxanda səhv bütün komandanın səhvidir. Bir nəfəri günahlandırmaq düzgün olmazdı. Hücum xəttimiz  zəif deyil. Milli çempionatımızda öz sözlərini demiş futbolçular komandamızda yer alır. Ancaq qol vura bilmirik də. 5 tura 1 qol vurmuşuq bu sadəcə olaraq biabırçılıqdır.  Elə bil, komandanı lənətləyiblər. Belədə isə kənardan oyunumuzu seyr etdiyim vaxt müdafiəmizin zəif təsir bağışladığını görürəm

 İqbal

qafqazinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43