Bu gündən etibarən “Qəbələ”nin rəsmi saytı yeni bir layihəyə start verib.
“Veteranlar” adlanan yeni rubrikada klubda çalışan veteran futbolçuların həyatlarından ən yaddaqalan anlar işıqlandırılacaq. Rubrikanın budəfəki qonağı keçmiş futbolçu, hazırda “Qəbələ”nin məşqçisi postunda çalışan Yuri Baturenkodur. 29 dekabr 1964-cü ildə Tacikistanın paytaxtı Düşənbədə anadan olan Yuri futbolçu karyerası boyunca “Pamir” (Tacikistan, 1982-1985, 1987-1992), MOİK (1986), “Lokomotiv” (Moskva, 1992-1995), “Dinamo-Qazovik” (Tümen, 1996), “Tümen” (1997), “Sokol” (Saratov, 1998) kimi klublarda top qovub. Baturenko SSRİ Yüksək Liqasında 80 oyuna çıxıb, 5 qola imza atıb. Daha sonra o, çıxışını Rusiya Premyer Liqasında davam etdirib: 71 oyun, 8 qol. Məşqçilik həyatına 2000-ci ildə Moskva “Lokomotiv”inin əvəzedici heyətində başlayan mütəxəssis sonradan “Baltika” (Kalininqrad), “Dinamo” (Moskva) kimi klublarda çalışıb. Yuri Baturenko 2013-2014 mövsümünün startından “Qəbələ”nin məşqçilər korpusunda yer alır.
Üzgüçü, avarçəkən və nəhayət futbolçu
– Söhbətimizə lap əvvəldən – Tacikistandakı həyatınızdan başlayaq. Milliyətcə russunuz, amma Tacikistanda anadan olmusunuz. Valideynlərinizin Rusiyadan sözügedən Asiya ölkəsinə nə üçün gəlməsi maraq doğurur…
– Atam hərbçi idi. Bu səbəbdən ailəmiz bir yerdə sabit qalmırdı. Tacikistanda yaşamağımız da atamın işi ilə bağlı idi. Tacikistan gözəl ölkədir. Yaxşı insanları, maraqlı adət-ənənələri var. Orada yaşamaq xoşuma gəlirdi.
– Rusiyaya dönüşünüz nə ilə bağlı idi?
– SSRİ dağıldıqdan bir müddət sonra Tacikistanda vəziyyət pisləşdi. Dəqiq desək, 1992-ci ildə ölkədə vətəndaş müharibəsi başladı. Biz də ölkəni tərk etməli olduq. O zaman 27 yaşım var idi. Və yenidən Rusiyada məskunlaşdıq.
– Futbola qədərki həyatınızda hansısa digər idman növünə maraq göstərmisiniz?
– Atam kiçik yaşlarımdan məni hərbiyə həvəsləndirirdi. O məni böyüyəndə hərbçi kimi görmək istəyirdi. İstəyirdi onun yolu ilə gedim. Mən isə bu sahəyə həvəsli deyildim. Hərbi intizamı sevmirəm. Futbola qədər su idman növlərinə maraq göstərmişəm. Bir müddət üzgüçülük və avarçəkmə ilə məşğul olmuşam.
– Bəs niyə yekunda məhz futbol?
– Futbolu sevirdim. Ona görə də futbola gəlişim elə də çətin olmadı.
– Tacikistan futbol ölkəsi sayılmır. Yəni bu idman növündə hər hansı ciddi uğuru yoxdur. Bu hal seçiminizdə çətinlik yaratmadı kı?
– Deməzdim ki, Tacikistan futbol ölkəsi sayılmır. Sözügedən ölkədən çox istedadlı futbolçular çıxıb. Məsələn Şirinbekov, Qess. Sadəcə onlar Tacikistanda qalmayıblar. Həmin futbolçular SSRİ çempionatında mübarizə aparan güclü kollektivlərin heyətində yer alıblar. Həmin dövrdə Tacikistanda futbol oynamaq üçün normal şərait var idi. Bu səbəbdən futbolu seçərkən o qədər də çox düşünməli olmadım.
“Bacarırsansa, çıx, oyna”
– Sizi futbolçu kimi kim kəşf edib?
– Yuri Syomin. Həmin vaxt “Pamir”in əvəzedici heyətində top qovurdum. 18 yaşım var idi. Yuri Pavloviç “Pamir”in baş məşqçisi idi. O oyunumu izlədi və məni komandasına cəlb etdi. Qısa müddət ərzində məni əsas heyətdə meydançaya buraxdı. İlk matçda sadəcə “bacarırsansa, çıx oyna” dedi. Ümimiyyətlə futbol həyatım demək olar ki, Syominlə bağlıdır. Futbolçu və məşqçi kimi məni o yetişdirib.
– İlk matçdan söz düşmüşkən, həmin an nə hiss etdiyiniz, oyunu necə keçirdiyiniz maraqlıdır…
– Həyəcanlı deyildim. Çox həvəsli idim. Bütün gücümü ortaya qoymuşdum. Ona görə də 80-ci dəqiqədə tükəndim (gülür). Gözümə qaranlıq çökürdü. Baş məşqçiyə yaxınlaşdım və məni əvəzləməsini istədim.
– Karyeranızın ən yaddaqalan dövrü hansı klubla bağlıdır?
– Futbolçu həyatımın hər dövründə uğurlar, maraqlı məqamlar olub. Məsələn, ilk komandam “Pamir”də qarşımıza yüksək Liqaya çıxmaq hədəfi qoyulmuşdu. Yuri Syominin rəhbərliyi altında çalışdıq və bu çətin missiyanın öhdəsindən gəldik. Sonra – 1992-ci ildə “Lokomotiv”ə keçdim. Həmin il ilk Rusiya çempionatı keçirilirdi. Bu hadisə də futbol həyatımda yaddaqalan hadisələrdən idi. Yeni komandalar, fərqli atmosfer… Həmin çempionatda bəlkə də bizdən güclü komandalar var idi, amma “Lokomotiv”in daxilində fərqli ab-hava, ruh yüksəkliyi hökm sürürdü. Fikrimcə Syominin “Lokomotiv”i tərk etməsinə qədər sözügedən kollektivdəki atmosfer heç bir komandada olmayıb. Futbolçu kimi bizdən sonra gələn nəsil “Lokomotiv”də böyük uğurlar qazandılar. Həmin vaxt artıq klubda məşqçi kimi fəaliyyət göstərirdim. Komanda Çempionlar Liqasında çıxış edirdi, mən də kollektivlə birlikdə müxtəlif Avropa ölkələrində olurdum. Qısası çox maraqlı, mehriban və döyüşkən kollektivimiz var idi.
– Ən böyük uğurlarınızı hansı klubla qazanmısınız?
– “Lokomotiv”lə Rusiya çempionatının gümüş (1995 – red.) və bürünc (1994 – redş) medallarını qazanmışam.
84 rubl, komendatura, Bakı aeroportunda 2 sutka…
– Sirr deyil ki, indi futbolçular yüksək məvacib alırlar. Bəs sizin dövrünüzdəki məvacib yetərli idimi?
– Heç vaxt qazancımdan narazı olmamışam. O dövr üçün normal qazanırdıq.
– İlk maaşınızı xatırlayırsınız? Nəyə xərcləmişdiniz ilk məvacibinizi?
– Bəli, 84 rubl almışdım. Dostlarımı yığdım, getdik səhərə kimi əyləndik.
– Hər bir futbolçu karyerası boyunca maraqlı hadisələrlə qarşılaşır. Siz futbolçu həyatınızdan danışanda ən çox hansı hadisələri xatırlayırsınız?
– Bir neçə maraqlı hadisə ilə üzləşmişəm. “Pamir”də top qovduğum vaxt MOİK-lə (Mərkəzi Ordu İdman Klubu) üz-üzə gəlirdik. Çox prinsipial qarşılaşma idi. Çünki hər iki komanda yüksək liqaya vəsiqə uğrunda mübarizə aparırdı. Mən və 6 komanda yoldaşım rəsmən hərbi xidmətdə olsaq da, “Pamir”in heyətində çıxış edirdik. Oyuna bir gün qalmış gözlənilmədən bazamıza hərbi maşınlar gəldi. Avtomatlı hərbçilər bizi birbaşa kamendaturaya apardılar. Səhərə kimi sorğuya çəkdilər. Bu müddət ərzində komendaturanın önünə xeyli sayda Düşənbə sakini toplaşdı. Onlar bizim azad olunmağımızı tələb edirdilər. Sabahkı matçda oynamamaq barədə xəbərdarlıqdan sonra bizi bazaya buraxdılar. Baş məşqçimiz Syomin oyunöcəsi söhbət zamanı çəkinənlərin meydançaya çıxmaqdan azad olduğunu bildirdi. Baş verənlərdən sonra əsəbləşmişdim, düşünmədən oynayacağımı söylədim. Var gücümüzlə mübarizə apardıq və MOİK-ə 1:0 hesabilə qalib gəldik. Oyunun axşamı bizi bazadan yenidən apardılar və səhər təyyarə ilə Aşqabada yola saldılar. Ondan sonrakı 1 ili MOİK-də oynamaq məcburiyyətində qaldıq. Oynamaq həvəsim qalmamışdı. Amma MOİK də çox güclü komanda idi. Sonradan adıçəkilən klub SSRİ çempionu oldu.
– Səhv etmiriksə, futbolçu kimi Azərbaycana səyahət etmisiniz. Bu səfər nə ilə yadda qalıb?
– Yaxşı yadıma saldınız (gülür). Dəqiq vaxtı xatırlamıram, amma futbolçu kimi bir dəfə Azərbaycana gəlmişəm. Çox yaddaqalan və maraqlı səfər alındı. “Pamir”in şərəfini qoruyurdum. Səfərin məqsədi “Neftçi” ilə yoxlama oyunu keçirmək idi. Onlar bizi dəvət etmişdilər. “Pamir” SSRİ-nin birinci liqasında, “Neftçi” isə yüksək liqada çıxış edirdi. Yanlış xatırlamıramsa, “Neftçi” SSRİ Kubokuna hazırlaşırdı. Matç Bakının mərkəzi stadionunda baş tutdu və biz 1:3 hesabı ilə uduzduq. Amma matçdan sonrakı 5 gün daha yaddaqalan oldu. Oyundan bir gün sonra Tacikistana qayıtmalı olsaq da, güclü külək səbəbindən 2 sutka hava limanında qaldıq. Ümidlə gözləsək də, külək sakitləşmədi. Həmin dövrdə mehmanxanalarda boş yer tapmaq elə də asan deyildi. 2-ci günün sonunda “Neftçi” nümayəndələri gəldi və bizi öz bazalarına apardı. 3 gün də orada qalmalı olduq. Nəhayət 5 gün sonra Tacikistana qayıda bildik. O zamandan Bakı xatirimdə küləklər şəhəri kimi qalıb.
Milli qalmaqal
– Tacikistan millisinin formasını da geyinmisiniz. Özünüzü bu komandada yad hiss etmirdiniz ki?
– Xeyr, həmin dövrdə milli komandada oynayan yeganə rus mən deyildim. Komandanın yarısı demək olar ki, rus idi. Ümumiyyətlə Tacikistanda ruslar çoxluq təşkil edirdi. Dostluq şəraitində yaşayırdıq. Aramızda hər hansı bir problem yaşanmırdı.
– Yığmanın heyətində neçə oyun keçirmisiz?
– 2 ya da 3.
– Niyə belə az?
– Xoşagəlməz hadisə ilə qarşılaşdım və özümə söz verdim ki daha yığmanın formasını geyməyəcəm.
– Sirr deyilsə nə baş vermişdi?
– Sözün əsl mənasında qalmaqal. 1996-cı ildə Asiya Kubokunun seçmə mərhələsində Özbəkistanla qarşılaşırdıq. İlk matçda – Düşənbədə baş tutan oyunda rəqibi 4:0 hesabı ilə məğlub etdik. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cavab oyununda isə gözlənilmədən 0:5 hesabilə uduzduq. Baxmayaraq ki, rəqibdən çox güclü idik. Anlaşılmaz vəziyyət idi.
– Fikrinizcə, matçın taleyi meydançadan kənarda həll olunmuşdu?
– Bu məqamlar mənə də qaranlıq qaldı. Konkret kimisə günahlandıra bilmərəm. Amma biz uduzmalı deyildik. Sözügedən hadisədən sonra milli komanda karyerama son qoydum.
Kiçikdən böyüyə…
– Bir az da məşqçilik karyeranız barədə danışaq. Futbolçu olduğunuz zaman gələcəkdə məşqçi olmaq barədə düşünürdünüz?
– Futbolçu olduğum dövrdə yalnız meydançada olmaq barədə düşünürdüm. Karyeramı bitirdikdən – meydançadan kənar qaldıqdan sonra yenə futbolun içində olmaq istəyim var idi. Bu, istəkdən artıq bir şey idi. Futbolsuz darıxırdım, sanki nəfəsim çatmırdı. Bu səbəbdən oyunçuluqla məşqçilik arasında uzun fasilə yaşamadım. Uşaqlarla işləməyə başladım. Daha sonra “Lokomotiv”in əvəzedicilərdən ibarət komandasında, ardından isə əsas komandada məşqçi vəzifəsinə təyin olundum.
– Azyaşlılarla çalışmaq təcrübəniz var. Aşağı yaş qruplarında istedadlı futbolçu tapmaq, onu yetişdirmək başlıca uğur sayılır. Bu mənada uğur qazanmısınızmı?
– Azyaşlılarla qısa müddət işləmişəm. Əvəzediciləri çalışdırdığım zaman Marat İzmaylov, Ruslan Piminov, Diniyar Bilyaletdinov kimi futbolçular bizim heyətdə oynayırdı. Biz onları izləyirdik, yetişdirirdik və hazır olduqları zaman Yuri Syominə məlumat verirdik. O isə gənc futbolçuları əsas heyətə cəlb edirdi. Onların uğurlu çıxışı bizim də seçimimizin uğurlu olduğunu göstərirdi.
– Sonda Azərbaycana gəlişiniz, buradakı fəaliyyətiniz barədə. Niyə Azərbaycanı seçdiniz?
– Yuri Syomin mənə Azərbaycana getmək variantı barədə sual verəndə düşünmədən razılıq verdim. Syominlə işləmək həmişə maraqlıdır. İnternetdə Azərbaycan və Qəbələ haqqında ətraflı məlumat aldım və seçimimdə yanılmadığımı gördüm. Qəbələdə gördüklərim isə sözün əsl mənasında məni təəccübləndirdi. Burada futbol üçün hər cür şərait yaradılıb. “Qəbələ”nin bazasına daxil olduqda əsl futbol atmosferini duymaq mümkündür. Gözəl meydançalar, müxtəlif yaş qruplarının həvəslə məşq etməsi, daim komandalarının yanında olan azarkeşlər… Bunlar doğurdan da gözəldir. Seçimimdə klubun hədəfləri də rol oynadı. İnanıram ki, mövsümün sonunda istəyimizə nail olacağıq. Və bu mənim karyeramda yeni bir səhifə olacaq.