30 Dekabr 2024
Ölkə futbolu

Masallıdan Mübariz Mənsimova mesaj göndərildi

Masallı şəhərindəki Anatoli Banişevski adına stadionun Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimov tərəfindən alındığı və orada təmir-tikinti işləri aparılacağı ilə bağlı oxuculara məlumat vermişdik.

Bir müddət əvvəl stadionda tikinti işlərinin başlanması ilə bağlı da mətbuatda məlumatlar yayıldı. Həmin məlumatda bildirilirdi ki, sentyabrın 20-də stadion ərazisində tikinti işlərinə start verilib. Tikinti işlərini Mənsimova məxsus “Palmali” şirkətlər qrupuna daxil olan inşaat firmasının həyata keçirəcəyi, ağır texnikanın tikinti ərazisinə gətirildiyi də vurğulanırdı.

Mətbuatda yayılan məlumatlarda o da bildirilirdi ki, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun doğma rayonuna qayıdışı təkcə stadion tikintisi ilə məhdudlaşmayacaq. M.Mənsimovun Masallıya böyük layihələrlə qayıtdığı qeyd olunurdu. Belə ki, M.Mənsimovun bu təşəbbüsə prezident İlham Əliyevin Masallıya son səfərindən sonra qoşulduğu bildirilirdi. Xatırladaq ki, sentyabrın əvvəlində cənub bölgəsinə səfəri çərçivəsində Masallıda da olan prezident İ.Əliyev oradan xoş təəssüratla ayrılıb. Dövlət başçısı səfərdən sonra Masallıda gerçəkləşəcək bir neçə iri layihə üçün 11 milyon manat vəsait ayırıb. Mübariz Mənsimov da prezidentin fəaliyyətinə dəstək vermək üçün Masallıya yatırım qoymağa qərar verib.

Məlumatda qeyd olunurdu ki, Mənsimov doğulub boya-başa çatdığı rayona külli miqdarda investisiya yatırmağı planlaşdırır. Müasir standartlara cavab verən 8-10 min yerlik stadionla yanaşı Masallıda futbol akademiyası da fəaliyyət göstərəcək. Bunun üçün stadionun ətrafında yardımçı binalar, otellər tikiləcək.

Stadionun ətrafında olan 2-3 mərtəbəli, qəzalı vəziyyətdə olan yaşayış binaları söküləcək. Verilən məlumatda bildirilirdi ki, Mənsimov Masallının gözəgəlimli yerində müasir yaşayış kompleksi salacaq. Qəzalı vəziyyətdə olan binaların sakinləri həmin yaşayış kompleksinə köçürüləcək. Bundan əlavə, Mübariz Mənsimov həvəskarlar liqasında çıxış edən “Viləş” klubuna da himayədarlıq edəcək. Gələn mövsümdən komandanın I dəstədə oynaması planlaşdırılır. “Viləş”in heyətində əsasən cənub bölgəsində yetişən futbolçular oynayacaq. Komandanın əsas funksiyası M.Mənsimova məxsus “Xəzər Lənkəran” üçün yerli futbolçular yetişdirmək olacaq. M.Mənsimovun işin gedişi ilə yerindəcə tanış olmaq üçün yaxın vaxtlarda Masallıya gələcəyi və tikinti ərazilərinə baxış keçirəcəyi də bildirilirdi.

Virtualaz.org-un müxbiri bu günlərdə Masallıda olub. Məqsəd Azərbaycanın köklü futbol ənənəsi olan bu rayonunda görüləcək işlərin gedişi ilə tanışlıq olub.

Amma əməkdaşımız stadion ərazisinə baş çəkərkən xeyli təəccübləndik. Çünki orada hansısa tikinti işlərinin getdiyi hiss olunmurdu. Stadion dörd tərəfdən hündür hasarla əhatə olunub. Düşündük ki, ağır texnika stadion ərazisində olar, ona görə də arenaya daxil olmaq istədik. Stadionun yaxınlığında yerləşən, arenaya girişin qarşısını kəsən bazar tərəfdə qurulmuş hündür darvaza bağlı olduğu üçün stadion ərazisinə keçmək mümkün olmadı. Məcbur olub stadionun yaxınlığında yerləşən, söküləcəyi gözlənilən qəzalı binaların yanında qoyulmuş hündür darvazaya yan aldıq. Darvaza açıq idi. Arenaya maneəsiz daxil olduq. Ancaq ərazidə ağır texnika gözə dəymirdi. Ümumiyyətlə, stadionda daşın üstünə daş belə qoyulmamışdı (bunu yazıya əlavə olunmuş fotolardan da görmək olar).

Yerli sakinlərlə söhbət zamanı məlum oldu ki, bir müddət əvvəl bura bir neçə ağır texnika gətirilsə də sonradan onlar nədənsə aparılıb.

Sakinlər də stadionda təmir-tikinti işlərinin tez başlamasını istəyirlər. Qəzalı vəziyyətdə olan, köçürülməsi gündəmə gələn binanın sakinləri də stadionda tikinti işlərinin başlanmasını arzulayırlar.

Ərazidəki evlərin birinin sakini “sizi yeni yaşayış kompleksinə köçürsələr, gedərsizmi” sualımıza belə cavab verdi: “Yeni yaşayış kompleksindəki şərait burdan yaxşı olacaqsa, niyə getmirik ki?! Gözümüz həmişə stadiondadır, deyirik görən nə vaxt iş başlayacaq…”

Söhbətləşdiyimiz sakinlər stadionun yenidən tikilməsi, “Viləş”in bərpası ideyasını alqışlayırlar. Onlar deyir ki, Masallıda son illər xeyli iş görülüb: “Stadion tikilsə, uşaq futbol akademiyası açılsa, rayonda xeyli iş yeri də açılar. Bu da əhalinin maddi rifah halının yaxşılaşmasına gətirib çıxarar”.

Söhbətləşdiyimiz rayon sakinləri Mubariz Mənsimova virtualaz.org vasitəsilə mesaj da göndərdi: “Mübariz Mənsimova deyin ki, narahat olmasın, daha əvvəlki əyyam deyil, gəlib işə başlasın. Masallıda daha heç kəs ona mane ola bilməz, ona hər cür dəstək veriləcək”.

Qeyd edək ki, rayon sakinlərinin Mənsimova bu məzmunda mesaj verməsi səbəbsiz deyil. Söhbət ondan gedir ki, azərbaycanlı biznesmen doğulub boya-başa çatdığı Masallıda bir iş görmək istəyəndə ona həmişə mane olublar. Özünü rayonun sahibi sayan Əhəd Abıyev və qardaşları Mənsimova göz verib işıq verməyib. Bölgələrin inkişafına həmişə xüsusi önəm verən, iş adamlarının təşəbbüslərini dəstəkləyən prezidentin rayona səfərindən sonra isə vəziyyət dəyişib. İndi Mənsimovun qarşısındakı bu əngəl də aradan qalxmış kimi görünür.

Bəs stadionda işlər hansı səbəbdən başlanmır?

Bu suala cavab almaq üçün “Xəzər Lənkəran” rəsmilərinin də mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu virtualaz.org-a açıqlamasında bildirdi ki, artıq Masallı stadionuna direktor təyin edilib və bütün işlərə cavabdehlik ona tapşırılıb. Mövzuya qayıdacağıq.

Virtualaz.org



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43