25 Dekabr 2024
Ölkə futbolu

AFFA-nın baş katibi: “Foqtsu ölkəmizdə işləməyə məcbur etmirik”

Estoniya və Qırğızıstanla qarşılaşacaq Azərbaycan yığmasının dünən açıq məşqi keçirilib.

Məşq prosesini izləyən AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

– Yığmanın qarşıdakı 2 oyunu ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı..

 – Hər iki oyun reytinq siyahısına düşəcək. Biz 6 ay öncə danışıqlara başlamışdıq. Müsbət sonluq alındı. Əvvəlcə səfərdə Estoniya, ardınca isə Qırğızıstanla qarşılaşacağıq. Rəsmi oyunlarımız da başa çatıb. Bu matçlarla 2013-cü ilə yekun vuracağıq. Səfər oyunları təşkil etmək müsbət haldır. Artıq millimiz rəqib meydanındakı oyunlarda da inamlı təsir bağışlamağa başlayıb. Son 5 ildə çoxsaylı səfər oyunları təşkil etməyimiz bəhrəsini verməkdədir.

– Berti Foqtsun yığmada qalıb-qalmayacağı son günlərin müzakirə mövzusuna çevrilib. Bu məsələyə nə vaxt aydınlıq gətiriləcək?

– Foqtsun müqaviləsi ilin sonunda başa çatacaq. Bundan sonra AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Onunla anlaşmanın uzadılıb, uzadılmayacağına da həmin toplantıda qərar veriləcək.

– Bəs AFFA rəhbərliyinin fikri nədir?

 – AFFA rəhbərliyi dekabrın əvvəllərindən başlayaraq bu məslə haqda düşünəcək. Daha sonra İK-i toplaşacaq, hesabata, nəticələrə bir daha baxılacaq və müvafiq qərar qəbul ediləcək.

– Namizədlər necə, paralel olaraq müzakirə olunurmu?

– Bugünə qədər namizədlər müzakirə olunmayıb. Düşünürük ki, əvvəlcə təhlil aparaq. Hazırkı müqaviləni uzadırıq, ya yox. Bu məsələdə Berti Foqtsun da fikri öyrəniləcək. İK qərarı olduqdan sonra namizədlərə baxa bilərik.

Foqts Almaniya mətbuatına açıqlama verən zaman Azərbaycanda qalmaq istəmədiyini deyib.

– O, bizə belə bir fikir bildirməyib. Heç kimi ölkəmizdə işləməyə məcbur etmirik. Onunla müqaviləmiz var. Son 5 ildə birgə işləmişik və müqavilə şərtlərinə qarşılıqlı şəkildə hörmət etmişik.

– Baş məşqçinin postunda qalıb-qalmamağına Estoniya və Qırğızıstanla oyunun nəticələrinin təsiri olacaqmı?

 – Bunu demək çətindir. Vacib olan rəsmi oyunlardır. Qarşıdakı 2 matç isə yoldaşlıq görüşləridir. Artıq bu il rəsmi oyunumuz yoxdur. Milli növbəti rəsmi oyununa təxminən 10 aydan sonra çıxa biləcək.

– Fevral ayında Dubay toplanışının olub-olmayacağı, eləcə də sparrinq-rəqiblərin seçilməsi baş məşqçi seçimindən sonra olacaq?

 – Bəli, əvvəlcə baş məşqçi ilə bağlı məsələ həllini tapmalıdır.

– Qırğızıstan qapazaltı yığmalardan biridir. Sizcə, bu komandanı böyükhesabla udsaq, bu Foqtsun gələcək taleyinə necə təsir edəcək?

 – FİFA-nın 209 üzvü var. Hər bir rəqibə hörmətlə yanaşırıq. Dediyiniz fikirlə razılaşmıram. Futbolda zəif və ya güclü rəqibi müəyyənləşdirmək çətindir. Unutmayın ki, bu yoldaşlıq oyunudur. Üstəlik, baş məşqçimiz gənclərə də şans verə, eləcə də taktiki gedişləri yoxlaya bilər.

– Baş məşqçi postunda qalmırsa, bu gəncləri niyə sınayır?

– Bu oyunları Berti Foqts üçün deyil, yığmamız üçün təşkil edirik. Əvvəlki illərdə baş məşqçi olmayanda belə, yoldaşlıq oyunları təşkil edilirdi. Onda komanda köməkçi-məşqçiyə tapşırılırdı. Bu normal haldır. Yığma üzvləri hər bir gün bir yerə toplaşmırlar. İl ərzində 5 dəfə, 3-5 günlük bir yerə toplaşırlar. Üst-üstə hesablasaq, onlar 30 gün bir yerdə məşq etmirlər. FİFA yoldaşlıq oyunları üçün pəncərəni də bu məqsədlə açıb ki, yığmalar bir yerə toplaşsın, təlim-məşq toplanışı keçirsin. Bu cür oyunlar yığma və futbolçularımız üçün təşkil edilir.

– “Bakcell arena”nın ot örtüyü bərbad vəziyyətə düşüb. Bu sizi narahat etmir?

 – Avqust ayında bizə proqram verilmişdi. Məhz bu cür yükləmədən sonra hazırkı vəziyyət gözlənilirdi. Bir ara “Qarabağ”ın oyunları da həmin meydanda keçirildi. Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü bir qədər dincəlməli olduğuna görə, biz risk edib, buna icazə verdik. Buna görə hazırkı vəziyyət bizi narahat etmir. Dekabrın ortalarına qədər stadionun durumu tam qaydasına salınacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43