“Rəvan” Futbol Klubu yaxın gələcəkdə bazasının açılışını edəcək. Qaraçuxur qəsəbəsində yerləşən idman kompleksində işlər artıq bitmək üzrədir. Bunu bizimlə söhbətdə klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov bildirdi.
Klub rəsmisi kompleks tikintisində işlərin ilkin mərhələsinin yekunlaşmaq üzrə olduğunu söylədi:
“İnşallah, yaxın zamanda Qaraçuxur qəsəbəsində yerləşəcək bazamıza köçəcəyik. Orda artıq işlərin ilkin mərhələsi başa çatmaq üzrədir. Yəni planauyğun şəkildə iş gedir. İlk mərhələdə inzibati bina və məşq meydançası hazır olacaq. Çox güman ki yeni ili artıq yeni bazamızda qarşılayacağıq. İnzibati binada ofis otaqları, yeməkxana, trenajor zalı, futbolçuların qalması üçün otaqlar və s. olacaq. Məşq meydançasına gəlincə, süni ot örtüyünün döşənməsi işlərinə başlanılacaq. İkinci mərhələdə isə tutumu təxminən 5 min nəfərlik olan stadion inşası nəzərdə tutulub. İstəyirdik təbii ot örtüyü olsun əsas meydançada. Amma buna mütəxəssislər qərar verəcək. Çünki oranın ərazisinin relyefi bir az mürəkkəbdir. Hər halda, ilkin mərhələ tam bitəndən sonra bu işlərlə daha ciddi məşğul olacağıq”.