27 Dekabr 2024
Kateqoriyasız

Ramin Musayev: “Neftçi”nin oyununda hakim Xaqani Məmmədov olmalı idi” – MÜSAHİBƏ

Yola saldığımız həftə millinin baş məşqçisi Berti Foqtsla müqavilənin yenilənməsi ilə yanaşı Premyer Liqada 2-ci dövrənin yekunlaşması ilə də yadda qaldı.

Bu gün keçirilən oyunlarla 1-ci Divizion da özünün ekvator xəttinə çatıb. Bu mövsüm geridə qalan müddətə nəzər salmaq, çempionat və hakimliyin səviyyəsi haqda fikirlərini öyrənmək və bir çox başqa suallara cavab almaq məqsədilə PFL prezidenti Ramin Musayevlə görüşdük.

Müsahibimə ilk sualım liderlər qrupunda yer alan “Qarabağ”, “Qəbələ” və “Neftçi” haqda oldu. Birinciliyin sonunda bu komandalardan hansı çempionluğu bayram edə biləcək?

 – Artıq çempionatın yarısı arxada qaldı. Turnir cədvəlinə nəzər salsaq görərik ki, 3 komanda digərlərindən bir qədər uzaqlaşıb. Amma 3 xallıq sistemin mövcudluğu və qarşıda 18 turun olmasına görə indidən kimin çempion olacağını söyləmək çətindi. Birinci yerdə gedən komanda 8-ci yerin sahibi ilə oyunda xal itirir. Və ya çempionluğa oynayan komandanın autsayderlə oyunda büdrəməsi gözləniləndi. Bu mənada birincilikdə əsl mübarizənin şahidi oluruq ki, bu da çempionatın səviyyəsinin qalxmasına bir işarədir. Bildiyiniz kimi dekabrın 18-də İcraiyyə Komitəsinin iclası oldu və orada komitənin bütün üzvləri çempiontın və komandaların səviyyəsinin artığını bildirdilər. Hətta millinin baş məşqçisi Berti Foqts da ötən illə müqayisə də birinciliyin daha maraqlı və səviyyəli keçdiyini söylədi. Bunu və apardığımız analizlərin nəticəsi kimi çempionatın səviyyəsinin qalxdığını deyə bilərəm.


– Bəs, PFL-in işindən necə, razısınızmı?

– Sözsüz ki, problemlərin yaranmamasına, işimizi lazımi səviyyədə qurmağa çalışırıq. Həyat varsa, deməli problem də var. Biz də səhvlərdən xali deyilik. Amma geridə qalan müddətdə nəsə ciddi bir səhvə yol vermədiyimizi düşünürəm. İşimizi qənaətbəxş hesab edirəm. İnsan həyatda səhv edə-edə peşəkarlaşır. Ən böyük istəyimiz futbolumuzun inkişafıdı. Son illərdə ölkəmiz dünyaya öz idmanı ilə səs salıb. Səbr edək, bir neçə ildən sonra görəcəyik ki, futbolumuz da istənilən səviyyəyə qalxıb.

– Ramin müəllim, nədənsə komandalar məğlub olduqda birinci növbədə Sizi günahlandırırlar, çempionun hələ birincilik başlamamışdan müəyyən olunduğunu deyirlər. Sizcə, bu ittihamlar nədən qaynaqlanır?

–  Konkret misal çəkə bilərsiniz?

– Elə götürək sonuncu turda AZAL – “Neftçi” görüşünü. Oyundan sonra bakılıların vitse-prezidenti Tahir Süleymanov belə bir ittihamla çıxış edib ki, PFL bizim çempion olmağımızı istəmir.

– Əfsuslar olsun ki, komandalar xal itirəndə günahı özlərində yox, hakimlərdə, bizdə görürlər. Bu, təkcə Azərbaycanda belədir. 6 ildir ki, PFL fəaliyyət göstərir. Bu müddətdə “Neftçi” 3 dəfə çempion olub. Əgər Tahir Süleymanov belə bir fikir bildiribsə, onda komandasının qazandığı nailiyyətlərə kölgə salır. Yox, əgər “Neftçi”ni həqiqətən PFL çempion edibsə, onda Tahir Süleymanov düz deyir.

– Builki birincilik də hakim səhvləri ilə yadda qaldı…

– Güya hakimlər tapşırıq alırlar, qərəzçilik edirlər. Doğrudur, hakimlər tapşırıq alır. Amma oyunları vicdanla, yüksək səviyyədə idarə etmək, diqqətli olmaq, kiminsə haqqını tapdalamamaq barədə. Mən də klubda işləmişəm, hakimlərlə dəfələrlə mübahisə eləmişəm. Əvvəlki AFFA rəhbərliyi dövründəki hakimlərlə qeyri-rəsmi söhbət eləsəniz, görərsiniz ki, o vaxtlar onlara göstəriş verilirdi. Bir misal çəkəcəm – 2005-ci ildə “Turan” – “Neftçi” oyununda hakim Xaqani Məmmədov olmalı idi. Ona tapşırıq verildiyi üçün həmin oyunu idarə etməkdən imtina etmişdi. Əvəzinə dəqiq yadımda deyil, ya Fariz Yusifov, ya da Zöhrab Qədiyev təyin olunmuşdu. Oyunun gedişində hakim futbolçumuza haqsız olaraq qırmızı vərəqə göstərsə də, “Neftçi” 2:0 hesabı ilə qalib gəlmişdi. Matçdan sonra isə həmin hakim 3 oyunluq çəzalandırılmışdı. Məlum məsələdi nəyə görə. Mənə elə bir oyun göstərə bilərsinizmi, həmin oyunda hakim səhvi olmasın? Messi kimi ulduz boş qapıya top vura bilmirsə, deməli tapşırıq alıb? Hakim də insandı, səhv edə bilər. Amma bunu qərəzçiliklə əlaqələndirmək düzgün deyil. Bizim hakimlər respublikadan kənarda təyinat aldığı oyunları türklərin təbirincə desək, “10 nömrə” işarə edirlər. Amma yerli çempionatda yox. Çünki istər klub rəhbərləri, istərsə də rəsmilər tərəfindən təzyiqlərlə üzləşirlər. Bu barədə dəfələrlə klub rəhbərləri ilə söhbətlərim olub ki, səhv etməmələri üçün hakimlərə təzyiqlər olmasın. Bununla hakimlərimizi qətiyyən müdafiə etmirəm. Elələri var ki, həqiqətən bağışlanmaz səhvlərə yol verirlər və təbii ki, cəzalanırlar. Klublar deyir ki, əgər mən 3 xal itirmişəmsə, hakimin cəzalanması həmin xalları geri qaytaracaq? Sual olunur, bəs, futbolçun boş qapıya top vura bilmirsə və xal itirirsənsə, onu cəzalandırırsan?

– Necə eləmək olar ki, hakimlərə təzyiqlər azalsın?

– Bayaqda dediyim kimi, bu hala ancaq bizdə rast gəlinir. Bütün səhvləri hakimin boynuna yıxmaq olmaz. Kimsə deyə bilməz ki, mənim komandamın oyununa hakim tapşırıq alaraq göndərilib. Deyə bilər, amma sübut edə bilməz. Çünki, belə bir şey olmayıb və birmənalı şəkilmə mümkün deyil. Günahı hakimlərin üzərinə atmaq bəzi insanların klub rəhbərləri, klub rəhbərlərinin isə sponsorlar qarşısında bəraət qazanması üçün atılan bir addımdı. Götürək 1-ci Divizionu. Komanda məğlub olur, mənə zəng edirlər ki, Ramin müəllim daha deyin ki, “Araz Naxçıvan”ı birinci eləmək istəyirsiniz. Bir komanda 1-ci ola bilər, ikisi, üçü yox. Mənim üçün fərqi yoxdur kim çempion olacaq.  Hamısı bizim komandadır, Ermənistanın deyil. Hərdən mənə deyirlər ki, Ramin Musayev Qurban Qurbanovla dostdur, “Qarabağ”ı çempion edəcək. Ramin Musayev 6 ildir PFL-in prezidentidi, “Qarabağ” hələ çempion ola biləyib. Hafiz Məmmədovla dostdur, “Bakı” çempion olacaq. Və ya Sadıq Sadıqovla yaxındır, “Neftçi” birinci olacaq. Əgər, “Neftçi”ni 3 dəfə mən çempion etmişəmsə, onda bu il də çempion edəcəm. Belə söz-söhbətlər vicdanlı insana yaraşmaz, ayıbdı. Belə sözü deyən insan əvvəl güzgüyə baxsın və həmin sözləri birinci özünə desin. Görsün öz sifətinə baxa bilir? Belə iftira atanlar birinci Allahdan qorxsunlar.

– 1-ci Diviziondan söz düşmüşkən, sabah (bu gün – red.) “Araz Naxçıvan”la “Qaradağ Lökbatan” qarşılaşacaq. Çempionat başlamamışdan əvvəl naxçıvanlıların eitaya yüksələcəyi söylənilirdi. Hazırda bu komandalar arasında xal fərqi minimumdu…

– Həmin oyuna  peşəkar hakim göndərmişik, oyunun çəkilişi olacaq. Nəsə bir problemin yaranacağına inanmıram. Hər şey göz qabağında olacaq. 

– Nədənsə, adamda belə bir təəssürat yaranır ki, komandaların yarıdan çoxu 1-ci Divizionda iştirak etmək xatirinə iştirak edirlər.

– Bu fikrinizlə razı deyiləm. Siz birinciliyi jurnalist kimi izləyirsiniz. Amma mən hadisələrin içindəyəm. Elə komandalar var ki, məsələn, “Göyəzən”, “Energetik” – siz deyən kimi nəyinsə xatirinə oynayırlar. Amma bura MOİK-i, “Şəmkir”i, “Turan”ı, “Neftçala”nı və digərlərini, ümumiyyətlə, komandaların 80 faizini aid etmək olmaz. Hiss olunur ki, iddiaları var, gözəl futbol nümayiş etdirirlər.

– Yaxınlarda belə bir fikir bildirmişdiniz ki, cari format özünü doğrultmasa, 1-ci Döviziondan Premyer Liqaya 2 komanda yüksələ bilər. Nəzərə alsaq ki, “Araz Naxçıvan”a xeyli pul ayrılıb və komandanın qarşısına Premyer Liqaya yüksəlmək vəzifəsi qoyulub, bir çoxları  sizin bu sözlərinizi onların 1-ci yeri tutmayacağı təqdirdə 2-ci yerlə elitaya yüksəlmələrinə doğru atılmış bir addım kimi dəyərləndirə bilərlər.

– Əvvəla onu bildirim ki, “Araz Naxçıvan”a böyük pulların ayrılması fikri düzgün deyil. Onların büdcəsi 1-ci Divizionda çıxış edən bir çox klubların büdcəsindən çox deyil, bəlkə də azdır. Digər klubların rəsmiləri məndən inciməsinlər, onlardan fərqli olaraq “Araz Naxçıvan”da pullar düzgün xərclənir. İşlərini peşəkar səviyyədə qurublar. O ki qaldı, Premyer Liqaya 2 komandanın yüksəlməsinə və ya formatın dəyişməsinə… Həmişə çalışmışam ki, mətbuata yalan məlumat verməyim. İndidə deyirəm, əgər həqiqətən cari format özünü doğrultmasa, başqa format tapmaq haqda düşünə bilərik. Başqa format “altılıq” sistemi idi. Fikrimcə, özünü tam doğrultmuşdu. Həmin formatın sayəsində “Neftçi”, “Qarabağ” özünü Avropa səhnəsində göstərə bildi. Deyə bilərəm ki, indiki format məni qane etmir. Niyə? Əgər çempionatın lideri autsayderlə oynayırsa, Avropanın birinciləri ilə necə oynayacaq? Məlum məsələdir ki, səviyyə fərqi öz sözünü deyəcək. Bir məqama da toxunmaq istəyirəm, bizim əksər klublarımız heyətlərini gücləndirmək üçün yayı gözləyirlər. Düşünürlər ki, komanda Avrokuboklara vəsiqə qazansın, sonra futbolçu transfer edələr. Bu kökündən yanlış fikirdir. Avrokuboklarda nəticə qazanmaq üçün qışda futbolçu almalıdılar. Çünki, yaya kimi 3-4 ay vaxt olacaq ki, yeni gələn oyunçu komandaya tam alışacaq. Yoxsa, avrokuboklara vəsiqə qazanan kimi futbolçu alırlar, mətbuatda həmin futbolçunun komandaya yaramadığını bildirir, klubdakı neqativ hallardan yazır. Bunu eşidən həmin futbolçu şüşə kimi sınır. Uğursuzluğu isə həmin futbolçuların üzərinə atırlar. Axı yazıq hələ komandaya uyğunlaşmayıb. Peşəkar klublar qış fasiləsində heyətini formalaşdırmalı, yayda isə Avrokuboklara hazır vəziyyətdə getməlidilər. Sözümün canı var, bu formatda elə ola bilər ki, çempion olan komanda son 3-4 oyunu autsayderlərlə keçirsin. Bu halda zəif komandalarla oyundan sonra birdən-birə Avropa klubları ilə oynamaq onlara çətin olacaq. “Altılıq” sistemində isə belə deyildi. Son tura kimi gərgin mübarizə gedirdi. Fikrimcə, bu sözlərimlə əksəriyyət razılaşar.

– Kubokun son finalında baş verən məlum hadisələrdən sonra klubların mühafizəçilərinin futbolçulara aid yerlərdə görünəcəyi təqdirdə həmin komandalara texniki məğlubiyyət veriləcəyi barədə fikir bildirmişdiniz. Konket olaraq “İnter” – “Neftçi” və AZAL – “Neftçi” matçlarından sonra bu cür halla rastlaşdıq. Birincidə “İnter”in, dünənki (srağagün – red.) oyunda isə “Neftçi”nin timsalında.

– Biz bu qərarı qəbul edəndə oyun vaxtını nəzərdə tutmuşduq. Həmin vaxtda qadağan olunmuş yerlərdə klub mühafizəçilərinə rast gəlmək mümkün deyil. Əgər belə bir hal baş veribsə, mənə deyin. Bilməyim vacibdi. Ola bilər ki, bəzi hallarda mühafizəçi oyundan sonra klub rəsmiləri ilə dəhlizdə olsunlar. Hər oyundan əvvəl matçın komissarı ilə söhbətimiz olur və onlara bu barədə xatırladıram. Əgər belə bir hal baş verərsə və AFFA nümayəndəsi buna göz yumarsa, həmin insan işindən dərhal azad olunacaq. AZAL – “Neftçi” oyunundan sonra baş verənlərə gəlincə, bu məsələ ilə yerində maraqlandım. Orada “Neftçi”nin mühafizəçiləri yox, Tahir Süleymanov, Gündüz Abbaszadə və klubun təhlükəsizlik xidmətinin rəisi olub.

– Düzü, həmin oyunda olmamışam, amma mətbuatda “Neftçi” rəsimlərinin hakimi döymək istəmələri ilə bağlı xeyli xəbərlər yayılıb.

– Buna inanmıram. Hakimi döyə bilməzlər, yəqin ki, etirazlarını bildirmək istəyiblər. Çünki, azından Tahir Süleymanov da hakim olub. Yazılanlarda olduğu kimi hakimə əl qaldırmaq istəmələrinə inanmıram. Bütün hallarda baş verənlər qeydə alınıb, günahkar cəzalandırılacaq.

– Berti Foqtsla yeni müqavilə imzalandı. Bilirik ki, onun yığmada qalmasının tərəfdarı idiniz. Həm Foqtsun, həm də onun köməkçiləri ilə bağlı təyinatlara münasibətinizi bilmək istərdim.

– Əgər sizə içməyə çay təklif olunubsa, kofe içə bilməzsiniz. Mən Berti Foqtsadan çox bizim seleksionur məşqçilərimizi günahlandırıram. Yaxşı işləmirlər. Xeyli istedadlı futbolçularımız var, onları tapıb üzə çıxarmaq lazımdı. Berti Foqts özündən fokus göstərə bilməz. Foqstun nailiyyət qazanması üçün ondan aşağı təbəqələr işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Klublar oyunçu hazırlamalı, peşəkarlığı artırmalı, uşaq futbolu inkişaf eləməlidi ki, Foqts da bundan istifadə edə bilsin. Elə futbolçular var ki, məşqçi onu məcburiyyət qarşısında millinin düşərgəsinə çağırır.

Komandanın özəyini təşkil edən futbolçulara layiqli əvəzləyici tapmağa çətinlik çəkir. Məsələn, əgər Kamran Ağayev və Rəşad Sadıqov eyni vaxtda komandaya kömək edə bilməsələr, yığmadan heç bir nəticə gözləməyin mənası yoxdur. Rəşad, Kamran, Mahir olmasa, milli nə gündə olacaq? Başqaları inciməsin, onlar səviyyəsində futbolçularımız yoxdu. Buna Foqts neyləməlidir? Hərdən bəzi jurnalistlər çertoqanovlar, levinlər deyə lağ eləyirlər. Onların yerinə layiq olan futbolçu göstərin, sonra lağ eləyin. Mən Foqtsun əmisioğlu deyiləm ki, onun tərəfini tutum. Yenə də təkrar edirəm, seleksiyaçı məşqçilərimiz yaxşı çalışmırlar. Tural Nərimanov adlı futbolçu var idi. Hazırda AZAL-da çıxış edir. Mən “Neftçi”də olanda Yevlaxda “Karvan”a qarşı oynayırdıq. Tural təkbaşına bütün komandanın başına oyun açdı. Deyərdim ki, millimiz bu futbolçunu itirdi. Heç iddialı klublar tərəfindən də dəvət almadı. Hansı ki, gətirilən legionerlərin əksəriyyətindən istedadlı futbolçu idi. Bilirsiniz, bu gün klub rəsmiləri transfer edərkən, şəxsi münasibətlərə çox yer verirlər. Yaxın əlaqələrə görə menecerlərin “mən ölüm, bu futbolçunu götür” sözlərini geri çevirə bilmirlər. Ziyanı da məşqçilər çəkir. Çünki, sonda onlardan nəticə tələb olunur. Amma heç görübsünüz ki, hansısa məşqçi buna etiraz etsin? Edə də bilməz. Çünki, qorxur, ailəsinə çörəkpulu aparmaq istəyir. Futbolçuların komandaya götürülməsinə ancaq məşqçilər qərar verməlidilər.  Cəmi 1-2 komandamız var ki, onlarda bütün səlahiyyətlər məşqçilərə məxsusdur.

– Adlarını çəkə bilərsiniz?

– Düzgün çıxmaz. Həmin komandalarda görülən işlər göz önündədi, hamı da yaxşı bilir. Birini deyim, “Araz Naxçıvan”da bütün səlahiyyətlər məşqçidədi. Hər şey peşəkarlıq üzərində qurulub. Deməli, nəticə də var və olacaq da.

– Mahmud Qurbanovla söhbətim zamanı istedadlı futbolçuların hamısının milliyə dəvət olunduğunu bildirdi. Yəni kənarda qalan yoxdu.

– Mahmud çox qanacaqlı insandı. Həm futbol, həm də həyatda “professor”du. Onun haqqında bir dəfə də olsun kimdənsə pis söz eşitməmişəm. “Neftçi”də olarkən bir dəfə mənə yaxınlaşdı və bildirdi ki, mənim maaşımı gecikdirə bilərsiniz, amma filan uşaqların pulunu verin. Mən gözləyərəm. Bir qədər sonra həmin futbolçu yanıma gələrək dedi ki, Mahmuda bu qədər pul verirsiniz, bəs, mənə niyə yox? Mahmud belə bir insandı. Ola bilər bu sözləri sizə rəsmi olaraq deyib. Amma millidə oynamağa layiq futbolçular həqiqətən çoxdur və onları tez bir zamanda üzə çıxarmaq lazımdı. Hazırda millidə bir neçə futbolçu var ki, onların layiqli əvəzləyiciləri yoxdur.

– Təxminən 2-3 ay əvvəl bildirmişdiniz ki, əcnəbi şirkətlərin biri ilə çempionatın yayım hüququ ilə bağlı danışıqlar gedir. Hətta növbəti mətbuat konfransında həmin şirkətin adını da açıqlayacağınızı bildirmişdiniz. Mətbuatda həmin şirkətin İsveçrə şirkəti olduğu barədə xəbərlər yer almışdı. Məsələ nə yerdə qaldı?

– Deyəsən məndən söz alırsan. Növbəti sözünü işlətməmişəm. Tam əmin olmamış bu barədə nəsə demək istəmirəm. Böyük planlarımız var. Baş tutarsa, bundan futbolumuz, klublarımız, hətta siz jurnalistlər də qazanacaq.

– Jurnalistlər deyəndə kimləri nəzərdə tutursunuz? Çünki, hazırda qəzetlərdən fərqli olaraq xeyli sayda idman saytları fəaliyyət göstərir. Seçim necə aparılacaq?

– Həmin saytların reytinqləri nəzərə alınacaq.

– Noyabr ayının ən yaxşılarının mükafatlandırılmasın mərasimində iştirak etmədiniz. Düzü, siz olanda mətbuat konfransları bir qədər maraqlı və uzun olur. Amma bu dəfə əksinə oldu.

– Həmin mərasimə səhhətimlə əlaqədar qatılmamışdım. Səbəbini ona görə açıqlamamışdıq ki, qohumlar, dostlar narahat ola bilərdilər. Ürəyimdə problemlər var idi və xəstəxana şəraitində 4-5 gün müalicə olundum. Şükür Allaha, səhhətim yavaş-yavaş qaydasına düşür. Çox istərdim ki, yeni il qabağı bu tədbirdə iştirak edim, jurnalistlərdə ünsiyyətdə olum. Baxmayaraq ki, məni çox tənqid edirlər, amma jurnalistləri çox istəyirəm. Səbəbini də deyəcəm. Stadionlara azarkeşlər gəlmir, fanatlar gəlmir, amma jurnalistlər istənilən hava şəraitində gəlir. Elə hal olub ki, mətbuat konfransından çıxında jurnalistlərin yağışda avtobus gözlədiyini görmüşəm. Mən isə, isti maşina oturub oranı tərk eləmişəm. Ürəyim ağrayıb, xəcalət çəkmişəm. Növbəti tədbirdə yenə də həmin insanlarla rastlaşmışam. Bunu yazıqlamaq kimi qəbul etməyin, sadəcə demək istəyirəm ki, peşələrini sevirlər, işlərinə məsuliyyətlə yanaşırlar. Belələrinin xətrini çox istəyirəm. Tənqid edənləri də həmçinin. Sağlam tənqidə həmişə hörmətlə yanaşmışam. Amma təhqir edənlərə yox. Təhqiri jurnalistikaya yaraşdırmıram. O ki qaldı iştirak etdiyim tədbirlərin daha maraqlı olmasına, həmişə jurnalistlərlə səmimi olmuşam. Səmimiyyət olan yerdə isə danışmaqdan doymaq olmur. Rəsmi mərasimlərdə isə söhbət qısa alınır.

– Ramin müəllim hərdən jurnalistlərə atmacalar da atırsınız…

– Atmaca deyil. Buna aşıq sənətində “gülləmə” deyilir. Hesab edirəm ki, atmacalarım da şirin olur. Məncə, bu zarafatlara görə kimsə məndən inciməz. Kimə atmaca atmalıyım? Siz mənə sataşa bilirsiniz, mən sizə yox? (gülür).

– Yeni ili necə qarşılayacaqsınız?

– Yaxın dostum var, ailəvi qonaq çağırıb. Yeni ili onlarla birgə qarşılayacağıq. Qış fasiləsində 1 həftə özümə vaxt ayırmaq istəyirəm. Ondan sonra yenə də iş başında olacam. Hakimlərin, eyni zamanda klubların təlim-məşq toplanışları başlayacaq.  Görüləsi işlər çoxdur. Fürsətdən istifadə edərək, yeni ildə yeni seçilmiş prezidentimizlə birlikdə hamıya can sağlığı, uzun ömür və xoş günlər arzulayıram. Hər bir azərbaycanlıya üzərinə düşən işin öhdəsindən lazımınca gəlməsini diləyirəm. Belə olsa, həm özünə, həm ailəsinə, həm xalqımıza, həm də Allaha xoş olar.

İlqar TAĞIYEV

“Het-trik news


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43