27 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” 700 min avroluq qapıçı ilə müqavilə bağlayır

Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Qapıçı axtarışında olan cənub təmsilçisi düşərgəyə xorvatiyalı qolkiper dəvət edib.

Belə ki, Moldovanın “Şerif” klubunun qapıçısı Vyekoslav Tomiç “ağ-yaşıllar”ın sırasında olacaq.

1983-cü ildə Splitdə anadan olan 190 sm boya malik qolkiper eyniadlı komandanın yetirməsidir. 20 yaşınadək bu kluba sadiq qalan Tomiç 2003-cü ildə “Medimurye”yə keçib. 4 il bu komandanın uğurları üçün çalışan qolkiper 2007-10-cu illərdə ölkəsinin ən tanınmış klubu “Hayduk”un formasını geyib.

Burada daha çox ehtiyatda qalan Tomiç legioner həyatı yaşamaq üçün Balkan yarımadasını tərk edib. 2010-13-cü illərdə Türkiyədə “Karabükspor” klubunun şərəfini qoruyub. Yarım il əvvəl Moldovaya üz tutan Vyekoslav “Şerif”lə anlaşıb. Yeni komandası ilə Avropa Liqasının qrupuna yüksələn qolkiper bu mərhələnin 6 oyununda meydana çıxıb.

Tomiç qrup mərhələsinin yalnız son matçını tam keçirməyərək, 60-cı dəqiqədə əvəzlənib. 6 matçda 6 top buraxan qolkiperi İngiltərə “Tottenhem”i hər 2 oyunda 2 dəfə məyus edibsə, Rusiya “Anji”si ilə Bakı “İnter”inin qənimi Norveç “Tromse”si Tomiçin qapısına yol tapmayıb.

Tomiç avrokuboklarda ümumilikdə 12 oyun keçirib. Məşhur “transfermatket” saytı ona 700 min avro qiymət qoyub.

Xatırladaq ki, danışıqlar baş tutacağı təqdirdə, Tomiç “Xəzər Lənkəran”ın qış fasiləsində transfer edəcəyi ilk əcnəbi olacaq. Cənub təmsilçisi bunadək autsayder “Sumqayıt”dan Slavik Alxasov və Orxan Əliyevlə müqavilə bağlayıb.

apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43