11-02-2014 – bu tarix "Neftçi" üçün unudulmaz bir gün olacaq.
"Ağ-qaralar" günü FİFA-nın cərimə xəbəri ilə açdılarsa, AFFA-nın verdiyi şok qərarlarla da davam edirlər…
Ali qurumun verdiyi qərara əsasən “Neftçi” klubu fiziki-hazırlıq üzrə sabiq məşqçisi Mehmet Aka təzminat ödəyəcək. Özü də nə az, nə çox düz 42 min avro.
Hələ AFFA-nın da kəsdiyi cəzaları üstünə gəlsək (30200 manat) bu rəqəm 72 min manatı keçir.
Dövlətin himayəsi altında olan klubu bugünə salanlar kimlərdi? – deyə, sualınıza cavab axtarmayın. Çünki cavabı çox axtarmağa ehtiyac da yoxdu… "Neftçi"nin belə cəzalanmasına başlıca səbəb Tahir Süleymanovdu. Paytaxt klubunun vitse-prezidenti dilini dinc tutmayınca çox "sevdiyi" klubunu böyük cəzayla üz-üzə qoydu. Nəticədə AFFA heç kimi bəyənməyən Süleymanovun timsalında "Neftçi"ni 20 min manat cərimələdi və açıqlama gəldi: "Bu bizim qələbəmizdi". Hər kəsin pulu özünə şirindi, vaxtında ödəsəydiniz, indi adınız "qara siyahı"da olmazdı.
Bütün bunlar ola-ola klubda ikinci söz sahibi olan Süleymanov digər "Neftçi" rəsmilərinə beləmi örnək olur?
AZAL-la 18-ci turda hakimi təhqir edən Süleymanov İK tərəfindən 5 oyunluq cəza almışdı. Bu cəzadan 2-sini çəkən klub rəsmisinə bugün verilən daha 10 cəzanı əlavə etsək olur 13 oyunluq diskvalifikasiya! Hələ İK onun cəzalı durumda ikən VİP lojadan oyunu canlı izləməsinə göz yummasını demirəm.
Buyurun, paytaxt klubunun ədalət axtaranı çempionatın yekunlaşmasına 16 tur qalmış 13 oyunluq diskvalifikasiya olundu.
Tahir müəllim, bəlkə məzuniyyət götürüb Maldiv adalarında istirahət edəsiz?
Özü də sərfəlidi…
999 manatdan başlayan endirimli səyahət paketləri
Bir nəfər üçün səyahət paketinə daxildir.
Bakı-Male gediş-dönüş bileti.
Otel və səhər yeməyi.
Səyahət sığortası
2* oteldə 999 azn
3* oteldə 1299 azn
4* oteldə 1499 azn
5 ulduzlu otel olmadığından üzrlü sayın, mən sizə ən sərfəli paketi təqdim edirəm. Maldiv adalarına bir ay müddətində turist səfərləri üçün hətta viza belə tələb olunmur.
Bundan gözəl yer axtarmayacaqsız ki?
İyi istirahətlər…
Səxavət