“Hazırlığımız proqram üzrə davam edir. Oyuna ciddi hazırlaşırıq. Bizim üçün vacib qarşılaşmadır. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. ABŞ yığmasıyla oyun, ola bilsin, Bolqarıstan millisi ilə görüş öncəsi son yoxlama matçı oldu. Hərçənd avqust ayında da yoldaşlıq görüşündə qüvvəmizi sınaya bilərik. Vaxtımız çox azdır. Düzdür, klub səviyyəsində məşqlər etsək də, milli komandanın düşərgəsinə 2-3 aydan bir gəlirik. Ona görə də ABŞ millisi ilə oyuna ciddi yanaşırıq. Çalışacağıq ki, yaxşı oyunla yanaşı yaxşı nəticə əldə edək”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov deyib.
Millimizin kapitanı ABŞ-la baş tutacaq matçdan öncə jurnalistlərin suallarını cavablandırıb. O, mayın 28-də keçiriləcək matç öncəsi danışarkən daha sonra sözlərinə belə davam etdi:
“Uzaq yol qət etməyimizə baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Mövsümün sonudur deyə, müəyyən yorğunluğun olması təbiidir. Baş məşqçi Berti Foqtsun rəhbərliyi altında maraqlı və şən məşqlər keçirik. O, bizim yaxşı əhval-ruhiyyədə olmağımız üçün çalışır. Təbii ki, əsas diqqətimizi oyuna yönəltmişik. Yaxşı nəticə əldə etsək, əhvalımız daha da yaxşı olacaq.
ABŞ yığmasının bizə qarşı hansı heyətlə oynayacağını bilmirik. Dünya çempionatı öncəsi onların 3-4 yoxlama görüşləri olacaq. Meydana hansı futbolçunun çıxmasından asılı olmayaraq, gərgin mübarizə gedəcək. Dünya çempionatı ərəfəsində hər bir futbolçu baş məşqçinin etimadığını qazanmaq üçün çalışacaq. Bizim üçün ən böyük problem saat fərqinin olmasıdır. Zənnimcə, oyun gününədək uyğunlaşma prosesini aradan qaldırıb, oyuna tam yaxşı formada çıxacağıq”.