27 Dekabr 2024
Kateqoriyasız

Dədəsiz evdə xoruz banlar! “NEFTÇİ”DƏ YENİ KURSUN AÇARI

«Neftçi» cəbhəsi həmişəkitək qaynayır. Qarışqa yuvasıtək.  İşləkdildər, maşallah! Bir saniyə boş dayanmırlar, elə hey o yana qaçırlar, bu yana qaçırlar. Baxıram, paxıllığım tutur. Böyükağa Hacıyev işəyir, Tahir Süleymanov dişləyir. Təəccüblü nə var, T.S-ın işi-peşəsi dişləməkdi. Təzə peşə tapmayıb ha özünə! Çoxdankı vərdişidi. Hacıyev kuboku qazandı, vitse-prezidentinə əyan oldu ki, «Neftçi»nin yeni kursu gəncləşdirmə olmalıdı. Ogünədək bir dəfə söz düşməmişdi ki, strategiyanı dəyişək.

Yenilik lazımdı. Mahir Şükürovu qovdular, əcəb elədilər. Əllərinin içindən, bellərinin ortasından gəldl! Orta barmağını azarkeşinə göstərən kapitan, şübhəsiz, Tahir Süleymanovu qıcıqlandırmalı və qısqandırmalıydı. Ay Mahir, sənin nəyinə gərək idi ki, o barmağını stadionun ortasına qoyasan? Gördün, T.S vədə yetişdi, bunu sənə bağışlamadı. «Neftçi»nin lideri belə ciddi səhvə yol verməməlidi.

O, orta barmağını Süleymanovun özünə saxlamalıdı. Yeni müqavilə bağlamaq anı gələndə, digər təklifləri orta barmaqla zibil yeşiyinə tullamaq üçün. Mahir tələsdi və təndirə düşdü. Di, get dincəl! Bay-bay!

Böyükağa müəllim çox barmaqları görüb futbol həyatının geridə qalan hissəsində. Ona görə «Zəif»di ki, hələ bir futbolçu o olan yerdə orta barmağını auksiona çıxara bilməyib. O dəqiqə kəsib atıb. Ufuldamadan. Ağlayıb-sızıldamasına baxmadan. Birdəfəlik üz döndərib. Məşqçi belə olar da. Yoxsa futbolçu qışqırsın, durub baxasan üzünə. Dimdiyini qırar.

«Neftçi» uğurdan doymaz və doydurmaz. Tahir Süleymanolv hər mövsümün axırında qızıl medalı ağzına alıb, dişləri arasında sıxmalı, həqiqi, yoxsa saxta olmasını müəyyənləşdirməlidi. Bə peşəkardı, vitse-prezidentdi, uğurun ilahəsidi. Olmadı ya, tifaqı dağılacaq klubun. Dörd ilə 4 titulun memarıdı. Xidmətləri danılmaz, əməyi unudulmazdı. Kəndə gedirsən, girəcəkdə rastına çıxır ki, ayaqyolu tikilib. Ora yolun düşür, qapıya yaxınlaşırsan, üstündəki afişanı oxuyursan: «Buranı kəndimizin xeyirxah adamlarından Əliməmmədov Gülməmməd Dürməmməd oğlu tikmişdir». Tahir Süleymanov müasir «Neftçi»nin qurucularındandı, adı şərəf lövhəsinə də vurulmasın? Qiymətləndirilməlidi.

Qiymətləndirilir. «Neftçi»də gəncləşdirmə siyasətinin konturlarını cızan T.S-dı. Hacıyev qazır, vitse-prezident montaj edir. Yəqin ki, klubun mərkəzi filialında təlim-tərbiyə müəssisəsi də açacaq bu ikili. Mahir kimi etika-estetikadan uzaq futbolçular burdan həmişəlik uzaqlaşdırılacaq. «Neftçi» futbolumuzun ən qədim klubudu, Neolit dövründən qalmadı. Daş və tunc dövrünün elementlərini üstündən təmizləməlidi. Örnək olmalıdı. Flaqmanlıq etməlidi. Arxasına baxmadan öndə getməlidi. Ağ-qara bayrağını zirvələrdə dalğalandırmalıdı. Kefsiz e, qardaş! «Neftçi»

Qaymaqlar bu klubun formasını geyinməlidi. Süleymanovun bığının, Hacıyevin dilinin altından keçməlidi. Tərbiyəli olmalı, orta barmağını nə vaxtsa yuxarı qaldırmağı başına salmamalıdı. Denis Silva kimi şıllaq atmamalı, Bruno Bertuççi kimi sillə vurmamalı, İqor Mitreski kimi ara qatan olmamalıdı. Nə söyüş bilməli, nə də təhqiramiz jest etməlidi.

P.S. Dədəsiz evdə xoruz banlar!

sportinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43