Tanınmış gülüş ustası Müşviq Şahverdiyevin müsahibəsi
– Siz “Tək Səbir” layihəsi ilə tanındınız. Layihənin bağlanmasına səbəb nə oldu?
– Mən bir layihəni orduya bənzədirəm. Ordunu saxlamaq isə başçının səlahiyyətində olur. Bizə də Həsən başçılıq edirdi. Bizim ordunun başçısı işində ciddi və məsuliyyətli olsa idi, dağılmazdıq. Həm də dolandıra bilsə idi, biz çox məsafə qət edərdik.
– “Bu da bu” niyə bağlandı?
– Yumoristik veriliş kimi Azərbaycan teleməkanında yeganə veriliş idi ki, 3 il davam etdi. Bu verilişin əsas tutuzduran məqamlarından biri qorxaq səhnəciklər olmamasıdır. “Molla” səhnəciyi buna sübutdur.
– Gələcəkdə nə planlar var?
– Film üzərində işləyirik. Sentyabr-oktyabr ayında hazır olacaq. Komediya filmi olacaq. Yumordan başqa hər şey olacaq içərisində.
– Niyə Fərda, Elməddin, Müşviq, Anar və s. yumor ustaları birlikdə bir layihə etmirsiniz?
– Bir neçə dəfə cəhd etmişik. Hərənin ayrı-ayrı komandası var deyə alınmır. Bizi birləşdirən yeganə şey, bəlkə, sponsur ola bilər. O da bəlkə…
– İdman ilə məşğul olursuz?
– Əvvəl hə. İndi yox. Artıq qarın-zad buna bariz sübutdur.
– “Xəzər Lənkəran” niyə bu gündədir?
– Komandada əcnəbi oyunçu çoxdur. Stabil oyun nümayiş etdirmirlər. Özlərinə inam çox azdır. Əsaslı dəyişiklik lazımdır.
– Bu komandanın baş məşqçisi olsaydınız, nə edərdiniz?
– “Xəzər Lənkəran”ın əcnəbi futbolçularını hər gün döyərdim (gülür).
– Bir çox müğənniləri parodiya etmisiniz. Problem yaradan olub?
– Çox olub. Özü də yersiz yerə.
– Həyatda Mübi obrazının prototipi Müşviq özüdür?
– Yox, təbii ki. Mübi obrazı real həyatdan götürülmüş bir simadır.
– Biz sizə gülürük, siz kimə?
– Özünü gülünc vəziyyətə qoyan insanlara gülürəm.
– Azərbaycan millisi dünya çempionatına, Avropa çempionatına nə vaxt qatılacaq sizcə?
– Nə vaxt futbol oynasalar. Onu Allah bilər (gülür).
Milli.Az