27 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” daha iki futbolçunun yolunu gözləyir

Yay təlim məşq toplanışı üçün Türkiyənin Ərzurum vilayətini seçən “Xəzər Lənkəran” iyun ayının 23-dən başlayaraq hazırlığını davam etdirir. 

İdmanxeber.com klub saytına istinadən xəbər verir ki, gündə iki dəfə olmaqla keçirilən daha çox fiziki yönümlü məşqlərdə hazırda 21 futbolçu iştirak edir.

Onlardan ikisi – Bayram Budaqov və bolqar yarımmüdafiəçi Qalin İvanov baxışdadılar. Yaxın günlərdə klubun seleksiyaçı-məşqçisi Mario Souzanın mövsüm boyu izlədiyi futbolçulardan daha ikisi düşərgəyə gələcək ki, bütün baxışa gələn futbolçular haqqında son qərarı baş məşqçi Oğuz Çətin verəcək.

“Xəzər Lənkəran”ın Ərzurum toplanışı qardaş ölkənin mediasının da diqqət mərkəzindədi. Artıq Türkiyənin “İhlas”, ”Anadolu Ajans”, ”Doğan Haber” kimi tanınmış agentlikləri və TRT kanalı komandanın düşərgəsində olaraq süjet hazırlayıblar. Ərzurumda yeni inşa olunan təlim-məşq bazasına ilk olaraq “Xəzər Lənkəran”ın gəlişi xüsusi olaraq qabardılır. Komanda iyul ayının 6-na qədər Ərzurum toplanışını davam etdirib daha sonra ikinci hazırlıq dönəmi üçün Sloveniyaya yola düşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43