“Oyun bizim üçün uğurlu alınmadı. Ev oyunumuzda 3 qol buraxdıq ki, bu da həqiqətən çoxdur. Bununla belə, şadam ki, komanda təslim olmadı və iki qolun əvəzini çıxdı. Lakin bu da vəziyyəti dəyişmədi. Məğlubiyyət məğlubiyyətdir”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Tiraspol” klubunun hücumçusu Georgi Ovsyannikov Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində evdə məğlub olduqları Bakı “İnter”i ilə görüşdən (2:3) sonra Moldova mətbuatına açıqlamasında dyeib.
28 yaşlı futbolçu məğlubiyyətin səbəbləri haqda danışıb və Bakıya qələbə üçün gələcəklərini bildirib:
“Özünəgüvən, müdafiədə etibarlı oyun, rəqib cərimə meydançasında təzyiq və təhlükəli hücumlar hesabına “İnter” səddini keçə bilərik. Səhvlərimiz üzərində işləyəcəyik. Cavab matçına yaxşı hazırlaşacağıq və səfərə qələbə üçün gedəcəyik”.