Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” və Gürcüstan “Çixura”sı arasında keçiriləcək ilk görüşə Türkiyənin “Bursaspor” klubunun rəsmiləri də gələcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə oyunöncəsi mətbuat konfransında bildirib.
Abbaszadə Türkiyə təmsilçisinin “Neftçi”yə rəsmi məktub ünvanladığını deyib. Qonaqlar arasında “Bursaspor”un baş məşqçisi Şenol Güneşin də olacağı gözlənilir.
Qeyd edək ki, “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Çixura” qarşılaşması saat 20:00-da başlanacaq.