Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” və Gürcüstan “Çixura”sı arasında keçiriləcək ilk görüşədən öncə keçirilən mətbuat konfransında Böyükağa Hacıyev jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com Hacıyevin mətbuat konfransındakı açıqlamasını sizə təqdim edir:
– Rəqibin bir neçə oyununu diskini izləmişəm. Sloveniyanın “Koper” klubu ilə oxşarlıqları var. Ancaq Sloveniya klubu daha savadlı oyun sərgiləyirdi. Gürcüstan futbolu daha böyük tarixə malikdi. Bu gün “Qarabağ”ın da matçı var. Həmkarım Qurban Qurbanova uğur arzulayıram. İşimizi elə qurmuşuq ki, “Qarabağ”ın oyununa baxdıqdan sonra, “Bursaspor” – “Çixura” matçının videoyazısına baxaq. “Çixura”ya qarşı hansı heyətlə mübarizə aparacağımıza dair heç bir açıqlama verməyəcəm. Heç bunu futbolçularım da bilmir. Əvvəldən nə taktika açıqlanacaq, nə də başqa bir şey. “Koper” də ona qarşı başqa taktika ilə oynayacağımızı gözləmirdi.
– Adətən iddialı açıqlamalar verirdiniz. Deyəsən, “Koper” məğlubiyyətindən sonra çəkinirsiz?
– Mən heç nədən çəkinmirəm. Bu yaşdan sonra xasiyyətimi dəyişməyəcəm ki. Sadəcə, rəqibi ayıltmaq istəmirəm. Bu gün “Neftçi” də, Böyükağa Hacıyev də eynidi. Səbrli olun və sabah saat 20:00-da hər şeyin şahidi olacaqsız.
– Jurnalistlərə sözünüz var? Çünki, “Koper” məğlubiyyətini bəziləri faciəyə çevirmişdi. Əlavə olaraq, ilk hissədə oyunu həll etməyə çalışacaqsız?
– Bu gün yüz dənə Böyükağa, Ramos, Samir olsa da, qismət Allahdandı. Rəqibə qarşı başqa bir taktika ilə çıxış etməyi fikirləşirik. Pis taktika yoxdu, onu pis icra edənlər var. Sabah verilən tapşırığa nə qədər əməl edildiyinin şahidi olacağıq. Sizə nə lazım idi? Mən “Koper”i burada 1:0 udub, gedib orda 0:2 hesabıyla uduzmalıydım? “Çixura” çox yaxşı komandadı. Savadlı məşqçiləri var. Bu gün Avropada çıxış edirsə, deməli zəif komanda deyil. “Çixura”nın futbolçusu Rexviaşvili “2:0 qalib gələcəyik” deməklə arının yuvasına çöp uzadıb.
– Sizi türkçü, vətənpərvər biri kimi tanıyırıq. “Çixura” ilə oyunda Türkiyə bayrağı tapdanır, təhqir olunur. Siz qisas almaq barədə düşünürsüz?
– Şenol Günəş Türkiyənin mərd oğludu. Onun heç kimin müdafiəsinə ehtiyacı yoxdu. Əgər məsələ bu yerə gəlib çıxırsa, onda qisas qiyamətə qalmaz. Deyilsə ki, kiçik qardaş qisasımızı al, alarıq. Çox istərdim ki, bu gün “Bursaspor”la qarşılaşaq. Futbol çərçivəsində nələr baş verəcəksə, bunu sabah görəcəksiz.
– “Neftçi”nin indiki heyətində boşluqlar var?
– Mən son 5-6 ayda bir hücumçuya ehtiyacım olduğunu bildirmişəm. Çox təssüflər olsun ki, bizim komandanın strategiyası tamam başqadı. Mən ikinci Kanalesi axtarıram. Ancaq hələ ki, tapmıram. Biz qruplara vəsiqə qazansaq, hökmən bir hücumçuya ehtiyacımız olacaq.
– Rəqibin baş məşqçisinə hansı mesajı göndərmək istəyərsiz?
– Bizim üzdəniraq qonşularımız var. Onsuz da onları görməyə gözümüz yoxdu. Gürcülər bizim dostumuz, qardaşımızdı. Kim güclüdüsə, o da qalib gəlsin.
– Bir neçə oyun bundan qabaq əsəbi görürdüz. Ancaq Tahir Süleymanov gedəndən deyəsən əhvalınızda dəyişiklik olub.
– Tahir Süleymanov qardaşdı. Onunla mənim hər zaman gözəl münasibətimiz var. Bu, indi də belədi.