“Qarabağ”ın qələbəsi UEFA-nın da diqqətini özünə çəkib. III təsnifat mərhələsinin ilk oyunları ilə bağlı şərhdə “Qarabağ”ı günün qəhrəmanlarından sayan rəsmi orqan bununla kifayətlənməyib.
İdmanxeber.com-un məlumatına görə, Avstriya “Zalsburq”u üzərində 2:1 hesablı qələbədən sonra UEFA-nın rəsmi internet saytı klubla bağlı xüsusi yazı hazırlayıb. Dərc olunan materialda Qurban Qurbanovun yetirmələrinin matçı azlıqda – 9 futbolçu ilə bitirməsi də xüsusi vurğulanıb.
UEFA saytının oxucularını Ağdam təmsilçisinin tarixi ilə tanış edib, uğurunun əsas memarları haqda məlumatlandırıb. Burada baş məşqçi Qurban Qurbanov, həmçinin aparıcı ifaçılar – Reynaldo, Danilo Dias, Riçard Almeyda və Rəşad Sadıqova yer ayrılıb.
Təmsilçimizin oyun üslubunun qısa dəyərləndirilməsi də UEFA-nın rəsmi saytında əksini tapıb. Yazıda o da qeyd olunub ki, “Qarabağ” azarkeşlər arasında həm də “Qafqazın “Barselona”sı” kimi tanınır. Bu da müxtəlif taktiki sxemlərdə oynayan, amma qısa ötürmələrə sadiqlikdə Kataloniya təmsilçisinə bənzəməklə bağlıdır.