Debütant “Araz Naxçıvan”ın “Neftçi” üzərindəki böyükhesablı qələbəsi (3:0) istər ünsiyyətdə olduğum dostlar, istərsə də sosial şəbəkələrdə geniş müzakirəyə yol açdı. Məsələ burasındadır ki, Naxçıvan klubu Premyer Liqada ilk dəfə idi debüt edirdi və bu ilkdə rəqib “Neftçi”, qələbə isə daha elə də real deyilidi. Amma yarımcan heyətlə səfərə yollanan “Neftçi”ni udmamaq ayıb olardı. Və belə də oldu…
“Neftçi” Naxçıvan səfərindən xalsız qayıtdı. Əslində böyükhesablı yenilgi gözlənilməsə də, məğlubiyyətin olacağını istisna etmək olardı. Çünki əsas heyətlə səfər yollanmayan “Neftçi” üçün ilk dəfə Premyer Liqada debüt edəcək “Araz Naxçıvan” münasib rəqib deyildi ki, püşkün gözü kor oldu…
Öncədən də dediyim kimi, sosial şəbəkələrdə “bu oyunu “Neftçi” verdi”, “Neftçi” bilə-bilə oynamadı” və s.. kimi paylaşımlar yer alırdı. Açığı bir komandanın qazandığı qələbəyə asanlıqla “kölgə” salmaq olmaz. Ən azından Naxçıvan klubu “Neftçi”nin ikinci heyətini rahatlıqla yenə bilərdi, hərçənd böyükhesablı qələbəni mən belə təxmin etməsəm.
Böyükağa Hacıyev özü başda olmaqla komandanın əsas heyət üzvləri səfər yollanmadılar. Səbəb isə Avroliqanın pley-off mərhələsindəki matç… Gözəl addım idi, di gəl Hacıyevin son açıqlaması sosial şəbəkələrdə yazılanlara az qala haqq qazandırımış kimi çıxdı. Belə ki, futbolçularının (əsas) zədələnmə qorxusu Hacıyevi səfərə ikinci heyət göndərməyə vadar etmişdi. Hansı ki, “Partizan”la oyuna 11 gün qalmışdı. Bu qədər az vaxt qalmış atılan bu cür addımı dəstəkləməmək günah olardı. Hacıyev düz qərar verdi. Amma ki, öncə də qeyd etdiyim kimi son açıqlaması şübhələrin effektini daha da artırdı. “Partizan”la oyuna 5 gün qalmış TPL-də “Bakı” ilə oyuna çıxacaq “Neftçi” əsas heyət üzvlərinin xidmətindən istifadə edəcək! Hacıyevi dinləyək: “Bakı” ilə görüşdə komanda əsas heyətlə mübarizə aparacaq. Çünki, bizə oyun praktikası vacibdi. Mütləq futbolçular oynamalıdı”.
Əslində Hacıyev düz buyurub… Amma bu düzü Naxçıvanda da buyurmaq olmazdımı? Oyuna 11 gün qalmış zədədən qorxaraq futbolçuları Naxçıvana aparmayasan, 5 gün qalmış isə riskə atasan, bu nə dərəcədə düzgündü?
Hərçənd Naxçıvanda “Partizan”la oyundan 11 gün öncə alınacaq zədənin “Bakı” ilə oyundakı arasında 6 gün fərq var. Əslində zədə baxımından bu rəqəm azdı, ancaq ən azından bir şansdı. Avqustun 21-də keçiriləcək matç üçün Naxçıvana (10 avquts) əsas heyəti aparmayan “Neftçi” “Bakı” ilə (16 avqust) qarşılaşmada hər hansı başa gələ biləcək zədədən qorxmur ki?
Hacıyev daha sonra bunu futboçuların 1 həftədi oynamamaları ilə əlaqələndirib, əsas heyəti meydana buraxacağını bildirdi. Əslində bu da düzgün sayılası addımdı. Amma əsas heyəti qoruyan klub Naxçıvandakı kimi sonacan qorumalıdı. Yoxsa, şübhələri daha da alovlandırmaq lazım deyil… Bu cür addımları atmamışdan öncə düşünmək lazımdı.
Ya düşünərsən, ya da düşündürərsən
Səxavət