Bu gün Azərbayca Premyer Liqasının son qalibi “Qarabağ” qazandığı çempionluq kubokunu təmsil olunduğu Ağdam rayonuna aparıb.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və komandanın üç futbolçusu – Fərhad Vəliyev, Maksim Medvedev və Namiq Yusifov Ağdama yollanıb. Bundan əlavə Ağdam klubunun vitse-prezidenti Tahir Gözəlin başçılıq etdiyi nümayəndə heyətində mətbuat işçiləri də yer alıb.
“Qarabağ” Quzanlı qəsəbə stadionunda azarkeşlərlə görüş keçirib.
“Qarabağ”lılar son mövsümdə qazandıqları çempionluq kubokunu ağdamlı tərəfdarlarına təqdim ediblər. Öncə şəhidlər xiyabanı ziyarət olunub. Ardından isə onlar Quzanlı Olimpiya Kompleksinə üz tutublar. Burada komanda üzvləri və rəhbərliyini yerli futbol ictimaiyyəti, eləcə də rayon icra başçısı Raqub Məmmədov qarşılayıb. Kubokun təqdimolunma mərasimindən sonra konsert proqramı baş tutub.
Tədbirdə çıxış edən rayon icra başçısı Raqub Məmmədov “Qarabağ”ın indiyədək keçdiyi tarix yol haqda danışıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da komandasının Avroliqadakı uğurundan danışıb. O, daha böyük nailiyyətlər qazanmaq üçün çalışdıqlarını bildirib.
Tədbirin sonunda çempionluq kuboku ağdamlı azarkeşlərə təqdim edilib. Komanda doğma azarkeşlər önündə kuboku başı üzərinə qaldırıb.