I divizionun III turunun “Mil-Muğan” – “Turan-T” matçında oyun bitdikdən sonra “Turan-T” klubu protokolda etiraz qeyd edib.
İdmanxeber.com-un məlumatına görə, “Mil-Muğan” komandasının futbolçusu Fərid İbrahimlinin (doğum tarixi: 30.05.1993) əvəzinə klubun digər futbolçusu Məhərrəmov Orxanın (doğum tarixi: 11.11.1990) iştirak etdiyini bildirib. Matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılıb və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
“Mil-Muğan” klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 51.2).
“Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədovun saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılır və klub 1000 manat cərimə olunur (maddə 45).
“Turan-T” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 65-ci dəqiqəsində “Mil-Muğan” klubunun 3 №-li futbolçusu Məhərrəmov Orxan idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 90+3-cü dəqiqəsində “Turan-T” klubunun 21 №-li futbolçusu Rəşad Orucov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Oyunun 90+4-cü dəqiqəsində “Turan-T” klubunun 12 №-li futbolçusu Taleh Qasımov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).