Topaz Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunu (1:1) “Qəbələ” Futbol Akademiyasının gənc futbolçusu Elvin Camalov üçün əlamətdar olub.
İdmanxeber.com-un məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi əsas komandada ilk yubileyini qeyd edib. 10-cu matçına çıxan yarımmüdafiəçi cari çempionatda ilk, Premyer Liqada 2-ci, karyerasında 4-cü dəfə matça start heyətində başlayıb. Lakin əvvəlki 3 belə oyundan fərqli olaraq bu dəfə əvəzlənməyib. İlk dəfə 90 dəqiqə meydanda olan gənc futbolçu “Xəzər Lənkəran”la qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:
“Əlbəttə ki, oyuna start heyətdə çıxmağım mənim üçün çox sevindirici, bir o qədər də məsuliyyətli idi. Hər oyuna çıxanda üzərimdə çox məsuliyyət hiss edirəm. İstər əsas heyətdə olsun, istərsə də sonradan meydana daxil olanda. Düzdür, oyun təcrübəsinə çox ehtiyacım var. Bunun üçün də hələ çox oynamalı, üzərimdə çalışmalıyam. “Xəzər Lənkəran”la oyuna ciddi hazırlaşmışdıq. Bizi qələbədən 5-6 dəqiqə ayırdı. Bu oyuna 3 xal üçün çıxmışdıq. Çox istəyirdik ki, qalib gələk. Amma qismət olmadı. Əsas heyətdə möhkəmlənmək üçün gücümü, bacarığımı ortaya qoymalıyam. Bunun üçün mənə verilən şanslardan maksimum yararlanmalıyam”.
Qeyd edək ki, Camalov Premyer Liqada 7, Avropa Liqasında 2, Azərbaycan kubokunda 1 oyun keçirib.(Klub saytı)